Azərbaycan kubokunun 1/4 final mərhələsində “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” istirahəti başa vurur.
Korner.az-ın məlumatına görə, cənublular bu gün doğma məkanda kubok oyununun hazırlığına başlayacaqlar.
Saat 16:00-da başlayacaq məşqdə bütün heyətin yer alması məşqçilər korpusunu sevindirməyə bilməz. Ötən həftə yenidən zədələndiyi üçün dönüşünü qeyd edə bilməyən Manuel Skarlatake də artıq sağalıb. Rumıniyalı müdafiəçi bugünkü məşqdə kollektivlə birgə hazırlıq keçəcək. Skarlatake “İnter”lə matçda baş məşqçi Elbrus Məmmədovdan şans gözləyəcək.
Qeyd edək ki, kubokun ilk oyununda “İnter” 2:0 hesablı qələbə qazanıb. Bu komandalar arasındakı cavab qarşılaşması martın 13-də baş tutacaq.
