Duran: “Azarkeşləri sevindirməyə çalışacağıq“
17.02.2026 , 17:29
“Qarabağ”ın hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının pley off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, kolumbiyalı futbolçu qarşılaşmanın çətin keçəcəyini bildirib.
O qeyd edib ki, rəqib fiziki baxımdan güclü komandadır və İngiltərə klublarına qarşı oynamaq hər zaman ağır olur: “Bizi çətin oyun gözlədiyini bilirik. “Nyukasl” çox güclü rəqibdir. Amma istənilən halda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Duran İngiltərə təmsilçilərinin əsas üstünlüyünün fiziki güc olduğunu vurğulayıb və rəqibin zəif tərəflərindən yararlanmağa çalışacaqlarını deyib: “İngiltərə klubları fiziki baxımdan çox güclü olur. Biz isə onların zəif cəhətlərindən istifadə edib üstünlük qazanmağa çalışacağıq”.
Hücumçu “Qarabağ”da çıxış etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, hazırkı mövsümü uğurlu keçirdiyini və inkişaf etdiyini vurğulayıb: “Burada bu yolu keçmək mənim üçün çox xoşdur. Gənc olduğumu bilirəm və daha çox çalışmalıyam. Mövsümü yaxşı keçirirəm və özümü xoşbəxt hiss edirəm”.
Kolumbiya millisində oynamağın uşaqlıq arzusu olduğunu deyən futbolçu millidən hələ dəvət almadığını, lakin bu templə davam edərsə məqsədinə yaxınlaşacağına inandığını qeyd edib.