“Qarabağ” dünən “Rəvan”la mücadilədən qalib ayrılaraq çempionluq yolunda mübarizəsini sürdürdü. Ağdam təmsilçisinin 3:2-lik qələbəsinin maraqlı məqamlarını diqqətinizə çatdırır.
Korner.az-ın məlumatına görə, oyuna sürətlə başlayan “Qarabağ” 6-cı dəqiqədə hesabı açdı. Çempionatda 8-ci qolunu vuraraq şəxsi məhsuldarlığını daha da yaxşılaşdıran Riçard eyni zamanda cari birincilikdə komandasının ən erkən qolunun müəllifi oldu. Maraqlıdı ki, buna qədər də vurulmuş ən tez qol da braziliyalıya məxsus idi. Dekabrın 7-də “Kəpəz”lə mücadilədə 23 yaşlı yarımmüdafiəçi 7-ci dəqiqədə hesabı açmağa müvəffəq olmuşdu.
17-ci dəqiqədə Ansi Aqollinin 2-ci dəfə “Rəvan”ın torunu silkələməsi də ən erkən fərq yaranması demək idi. “Kəpəz”lə görüşdə Vaqif Cavadov 21-ci dəqiqədə bunu bacarmışdı. Ansinin qolu isə onun üçün cari mövsüm birinci hal idi. 30 yaşlı sol cinah müdafiəçisi “qol orucu”nu pozmaqla 17 aylıq susqunluğuna son qoydu. Albaniyalı futbolçu sonuncu dəfə ötən mövsüm sentyabrın 30-da baş tutmuş VIII tur görüşündə “Turan”a 53-cü dəqiqədə qol vurmuşdu.
Admir Teli isə 90+2-də “Qarabağ”a qələbə qazandıran qola imza ataraq ardıcıl 2-ci matçda da fərqləndi. Komandasının “istiqrar abidəsi” bununla müdafiədən başqa komandaya ön xətdə də dəstək vermə məharətini göstərdi.
Maraqlıdı ki, “Qarabağ” son 2 oyunda 6 qola imza atmaqla (hər oyunda 3) cari mövsüm bir ilk gerçəkləşdirdi. Bu mövsüm 2 dəfə 3 qol vurmağı bacaran komanda (“Sumqayıt” – “Qarabağ” 1:6, “Qarabağ” – “Kəpəz” 3:1) 4-cü analoji uğurunu ardıcıl 2 həmlə ilə qazandı.
Daha bir maraqlı məqam ondan ibarətdi ki, son 2 oyunda vurulan 6 qolun 4-nə “Qarabağ”lı müdafiəçilər imza atıb. “Sumqayıt”la görüşdə Admiri Rəşad Sadıqov müşayət etmişdisə, bu oyunda alban həmyerlisiylə birgə adını tabloya yazdırdı. Yeri gəlmişkən, bir oyunda qol vurmaq “Qarabağ”da 2009-un yanvarından çıxış edən Teli, 2010-un yayından oynayan Aqolli üçün ilk belə hal deyil. Alban dueti bunu Avroliqada bacarıb. 2011-ci ilin iyulun 7-də “Qarabağ”ın “Banqa”ya 3:0 qalib gəldiyi görüşdə Admir və Ansi fərqlənmişdi.
“Qarabağ”ın cari qələbəsi məğlubiyyyətsiz oyun sayını 11-ə çatdırdı. Oktyabrın 31-də “Qəbələ”yə 1:2-lik məğlubiyyətdən sonra “köhlən atlar” 10 çempionat görüşündə 7 qələbə qazanıb, 3 dəfə isə 1 xala razı olub. Həmin arada ölkə kubokunun 1/8 finalında “Kəpəz” də 2:0 hesabı ilə məğlub edilib.