Futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunları Bakıda təşkil olunacaq.
Korner.az-ın xəbərinə görə, AFFA-nın müraciətindən sonra UEFA ekspertləri bununla bağlı paytaxtımızda monitorinq aparmışdı.
Monitorinqlə bağlı hesabat UEFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında təqdim olunub və hesabata əsasən, final mərhələsinin oyunlarının Bakıda təşkil olunması ilə bağlı qərar qəbul edilib.
“Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı “Dördlər finalı”nın oyunları 2014-cü ilin aprelində “Sərhədçi” İdman Olimpiya Kompleksində keçiriləcək.
Xatırladaq ki, “Araz” əsas seçmə mərhələnin ilk oyununda Hollandiyanın “Eyndhoven” komandasına 6:3, ikinci qarşılaşmada Macarıstanın “Qyor ETO” klubuna 5:0, Portuqaliyanın “Sportinq” klubuna isə 6:3 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.
