“O şəkil 2002-2006-cı illərdə keçən tələbəlik dövrümdə çəkilib. Bizimlə eyni məhəllədə yaşamış yaxın dostum xaricə köçürdü, evlərini satmışdılar. Ailəvi gediş-gəlişimiz vardı. Mən də sadəcə maraq üçün o şəkli çəkdim”.
Bu sözləri Korner.az-a açıqlamasında azərbaycanlı hakim Mahir Məmmədov deyib.
Referi futbol11.az saytının ötən gün yaydığı xəbərdəki fotonun çəkildiyi dövrdə hakim olmadığını bildirib: “O vaxt heç hakimlik etmirdim. Hakimliyə 2008-ci ildə gəlmişəm. Sözüm həmin xəbəri yazan müxbirədir: insan kiminsə haqqında məqalə və yaxud nəsə yazırsa, gərək onu tam araşdırsın, öyrənsin. Reytinq xatirinə niyə mənim haqqıma girib düz olmayan şeylər yazır? Axı bir gün Allah qarşısında cavab verməli olacaq. Mənim Allah qarşısında vicdanım və alnım təmizdir. Azərbaycan futbol ictimaiyyətində məni az-çox tanıyan adamlar var, necə adam olduğunu soruşsunlar. Belə çıxır ki, sabah təyyarənin qarşısında şəkil çəkdirsəm, deməli, təyyarə almışam… 2 otaqlı kirayə evdə yaşayıram, imkanım olsaydı, öz evimdə yaşayardım. Allah görür hər şeyi. O xəbəri yazanı da, sifariş verəni də Uca Allaha tapşırıram!”
