“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Panatinaikos”la səfər matçında (2:2) qrup mərhələsinə vəsiqə qazanıb.
Korner.az-ın məlumatına görə, ilk oyunda qolsuz heç-heçəyə nail olan “qırmızı-qaralar” rəqib meydanında vurulan 2 qol sayəsində Yunanıstan təmsilçisini mübarizədən kənarlaşdırıb.
Hər iki qola komandanın kapitanı Dodo imza atıb. Braziliyalı yarımmüdafiəçi görüşdən sonra fikirlərini klub saytı ilə bölüşüb:
“Panatinaikos”la oyun çətin keçdi. Belə olacağını əvvəldən bilirdik. Bu üzdən də konsentrasiya üzərində çox çalışmışdıq. Mən bütün komanda yoldaşlarımla birlikdə psixoloji cəhətdən tam köklənmişdik. Qələbə üçün mübarizə aparmağı qarşımıza hədəf qoymuşduq. Çünki “Qəbələ” üçün Yunanıstan klubu ilə oyun çox vacib idi. Bu matç həm bütün futbolçular, həm “Qəbələ”nin adı üçün çox önəm daşıyırdı. Biz bu oyunda ürəyimizi qoyub, var qüvvəmizlə mübarizə apardıq. Ola bilsin ki, komanda istədiyi kimi çıxış edə bilmədi, amma əsas önəmli olan nəticədi. Biz də bunu bacardıq. İndi “Qəbələ”nin özünü, adını Avropada tanıtmaq vaxtıdı. Hədəfimizə çatdıq. Bizi qarşıda qrup mərhələsi gözləyir. Çalışacağıq ki, orada da layiqli çıxış edib, azarkeşlərimizi sevindirək. Bunun üçün bütün bacarığımızı ortaya qoyacağıq. “Panatinaikos”la matçda iki qol vursam da, qazandığımız bu nəticə bütün komandanın uğurudu. İlk qolda Rikardinyo, ikincidə Aleksey Qay ötürmə etməsəydi, mən fərqlənə bilməzdim. Nəticə qazanmışıqsa, bunu bütün komanda ilə etmişik. Son 10 dəqiqəni daha çox müdafiədə keçirməyimiz onunla bağlıdı ki, həm rəqib daha çox hücum edirdi, həm də nəticə bizim üçün sərfəli idi. Yaratdığımız qol imkanlarını qaçırdığımıza gəlincə, hər bir futbolçu qol vurmasını istəyər. Bu isə bəzən alınır, bəzən alınmır”.
