“Biz heç bir Premyer Liqa klubuna deyə bilmərik ki, 16 yaşlı futbolçuya əsas komandada şans verin. Çünki onlar bu riskli addımı atmazlar”.
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilmiş Azərbaycan U-16 – “Benfika” (Sürix) (9:0) izləyən Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov bildirib.
Təcrübəli çalışdırıcı U-16-nın bir neçə üzvünün öz klublarının əvəzedici komandalarında forma geyindiklərini, lakin bunun da onların artırması üçün lazımi göstərici olmadığını deyib: “Əslində, bu futbolçuları Premyer Liqa klublarının əsas komandalarına cəlb etmək üçün də tezdir. Hələ ki, onların hansınınsa əsas komandada oynaya biləcək səviyyəyə çatdığını düşünmürəm. Məşqçilər Komitəsi yeni layihə hazırlayıb AFFA rəhbərliyinə təqdim edəcək. Layihədə göstərmişik ki, Birinci Divizionda tətbiq olunan yaş həddini bir qədər də azaldaq. Birinci Divizion klublarının baş məşqçilərindən soruşuram ki, neçə ildir işləyirsiz, neçə futbolçu vermisiz Premyer Liqa klublarına? Bir nəfər də olsun gəlməyib aşağı dəstədən. Elə isə o Birinci Divizion klublarının fəaliyyət məqsədi nədir? Buna görə də qərara gəldik ki, Birinci Divizionda yaş limitini aşağı salmaqla yeniyetmə futbolçunun daha tez və daha çox “artırması”na yol aça bilərik. Çünki biri var, futbolçu əvəzedici heyətdə öz yaşıdlarına qarşı oynayır, biri də var, Birinci Divizionda özündən yaşlı və təcrübəli futbolçulara qarşı. Əlbəttə, ikinci varianta inkişaf daha yaxşı və sürətli gedər”.
Saleh Arslan
Antalya
