Salam, Azərbaycan futbolu!
Nə var, nə yox?
Nətərsən?
Özün yatıb, özün dura bilirsən, demək istəyirəm, amma demirəm!
Stadionda olmamışam, heç olmaq da istəmirəm…
Heç orda "Romeo və Cülyetta"nı versələr də, baxmaram.
Bizlərdə stadionlara antipatiya var…
Keçmişində bəlkə nəsə işıltı olub, Azərbaycan futbolu, amma gələcəyini görmürəm. O nədi, deyirlər, o gün 2 milyon dollarlıq qələbən olub…
Foqts da mətbuat konfransına girəndə alqış-zad…
Qarnın yaxındısa, bir çimdik götür…
Ehhh…
Sonra guyamış qələbə hədiyyə-zadmış…
Bilirsən, indiki nağıllar daha poetikdi, etikdi, nə bilim nə tikdi…
Yəni Berti jest edib…
Jestinə bir quzu kəsim…
Hə, yadıma düşdü, qurbanlıqda bir şey kəsdinmi, Azərbaycan futbolu?
Mən də nə deyirəm, onsuz sən hər gün qurban verirsən – oyunu, hakimi, fiti, "fitdan"ı… Fit qoyulan yerə nə deyirlər görəsən?
Onu bilirəm ki, fit fitva sözündəndi…
Hə, əzizim, danış görüm, özgə nə var, nə yox?
Vodkalı qaqaşlar gəlmişdi deyəsən…
Bir ayaqla udacaqmışlar bizi…
Bir də vodkaladız ki, ayağa dura bilməsinlər…
Deyəsən Vaqif Cavadov qolu tora çatdırana qədər qapı onun üstünə gəlib…
Nə desən çıxar e, bizdən…
O mahnıda nə təhər deyirlər?
Top gəlməsə, özüm gəlləm
Dur gəl nazlana-nazlana
Dur gəl sallana-sallana…
Axı bizim futbolçular həm də meydanda "İran təranələri"nin sədaları altında oynayırmışlar kimi oynayırlar…
Arada hind mahnısı-zad versən, "Xattuba"dan-zaddan deyəcəklər…
Hə, Azərbaycan futbolu…
Deyirlər payız da gedəcək, qış da gedəcək, Berti Foqts getməyəcək, düzdümü?
Onda görüm üstünüzə qar yağsın elə.
Eşitmişəm Yuri Syomin də verməyə çətinlik çəkirmiş – proqnozu…
Bakıda çətin oyun-zad…
Böyük Hacıyev də bəxtimizdən, onun ağlığından, paklığından danışıb…
Yəni mədəni surətdə deyib ki, oynaya bilmirik, oyun bəxtdən asılı qalıb…
Nə təhər ki, futbolçularımız puldan asılı qalıb, elə də oyunumuz bəxtdən….
Nəsə, uzun sözün qısası…
P.S. Deyirlər, qar yağacaq…