Sabah futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutacaq. Dövlət Kreml Sarayında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Planetin ən yaxşı 32 komandası 8 qrupa bölünəcək.
DÇ-2018-də Avropadan 14 komanda – Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq. Mindialda Cənubi Amerikanı 5 yığma – Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli – Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.
Rusiya millisi meydan sahibi kimi püşksüz A qrupunun 1-ci komandası olacaq. Ümumilikdə isə komandalar FİFA-nın oktyabr reytinqinə əsasən səbətlərə bölünüblər.
I səbət
Rusiya
Braziliya
Almaniya
Portuqaliya
Argentina
Belçika
Polşa
Fransa
II səbət
İspaniya
Peru
İsveçrə
İngiltərə
Kolumbiya
Meksika
Uruqvay
Xorvatiya
III səbət
Danimarka
İslandiya
Kosta-Rika
İsveç
Tunis
Misir
Seneqal
İran
IV səbət
Serbiya
Nigeriya
Avstraliya
Yaponiya
Mərakeş
Panama
Cənubi Koreya
Səudiyyə Ərəbistanı
Püşkatma zamanı komandaların hansı konfederasiyanı təmsil etməsi də böyük rol oynayacaq. Belə ki, eyni qrupda minimum 1, maksimum 2 Avropa təmsilçisi yer alacaq. Yəni 6 qrupda 2, 2 qrupda 1 “Köhnə qitə” yığması çıxış edəcək. Digər qitələr isə eyni qrupda birdən artıq komanda ilə təmsil oluna bilməz.
Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.
