FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Korner.az-ın məlumatına görə, Rəsmi Kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında sərgilənəndən sonra, avqustun 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan Xalq Bank və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmişdi və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.
Avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə, Bakı şəhərinə qayıdıb. Qeyd olunmuş şəhərlərdə möhtəşəm konsert proqramı təqdim olunub və biletlərin satışı təşkil edilib.
Avqust ayının 28-dən etibarən, Rəsmi Kubok Sponsor Turuna davam edir. FIFA U-17 qadınlararası dünya çempionatının Rəsmi Kuboku bu gün DÇ-nin milli dəstəkçilərindən biri olan Bakcell-ə təqdim edilib. Bakcell-in ofisində keçirilən rəsmi təqdimat mərasimində Bakcell-in və Dünya Çempionatının Yerli Təşkilat Komitəsinin marketinq üzrə mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, Bakcell şirkəti qarşıdan gələn çempionata yerli səviyyədə mühüm dəstək göstərir və FIFA-ya və Yerli Təşkilat Komitəsinə bu tədbirin təbliği və təşkilində kömək edir. Bakcell ölkəmizdə idmanın inkişafını və əhali arasında sağlam həyat tərzinin təşviq edən təşəbbüsləri hər zaman dəstəkləyir, Azərbaycanda uşaq və gənclər futbolunun inkişafına davamlı yardım edir.
Rəsmi Kubok bir həftə ərzində Bakcell-in müxtəlif ofislərində mütəmadi olaraq sərgilənəcək. Arzu edən hər kəs Bakcell-in ofislərində sərgilənəcək Kubokla şəkil çəkdirə və burada yerləşdirilmiş məlumat lövhəsindən müvafiq məlumatları əldə edə bilər.
Xatırladaq ki, sentyabr ayının 15-də Rəsmi Kubok Bakı şəhərinin Milli Parkında Kubok Turunun bağlanış konsertində şəhər əhalisinə təqdim olunacaq.
