Bakı Texniki Kollecində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri ilə tələbələr arasında görüş keçirilib. Korner.az-ın məlumatına görə, 150 nəfərə yaxın tələbənin iştirak etdiyi görüşdə dünya çempionatına hazırlıqla bağlı görülən işlər, bilet satışı, könüllülük proqramı haqqında məlumatlar verilib.
Tədbirə böyük maraq göstərən gənclərə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı suallar ünvanlanıb və qaliblər hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, bu, dünya çempionatına hazırlıq çərçivəsində keçirilən sayca 75-ci təqdimatdır. Bu günə qədər paytaxt və region məktəbləri, universitet, kollec, QHT-lərdə eyni tip tədbirlər təşkil olunub.
