Dario Frederiko: “Rəqibimizin xal itirdiyi vaxt daha çox qələbə üçün çalışacağıq”
20.10.2019 , 21:03

“Neftçi”nin braziliyalı hücumçusu Dario Frederiko Azərbaycan Premyer Liqasının VIII turunda “Zirə”yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Korner.az-ın suallarını cavablandırıb.
– Çox vacib qələbə qazandıq. Ardıcıl 3-cü qələbəmiz bizi turnir cədvəlində 2-ci pilləyə qaldırdı. Bununla kifayətlənməməli, öz üzərimizdə işləməliyik.
– Demək olarmı ki, “Neftçi” “qara zolaq”dan çıxıb?
– Məncə, ardıcıl 3 matçda qalib gəlməklə “qara zolaq”dan çıxmış sayılırıq.
– Bugünkü qalibiyəti “Neftçi” üçün asan qələbə adlandırmaq olar?
– İnanmıram ki, hansısa oyun “Neftçi” üçün asanlıqla əldə olunub. Çünki hər oyunda vuruşmuşuq, mübarizə aparmışıq və əzmkarlıqla qələbə qazanmışıq. Asan oyun olduğunu deməzdim.
– Əsas rəqibiniz “Qarabağ” hesab olunur. Necə düşünürsünüz, liderə çatmaq mümkün olacaq?
– Təbii ki, sona qədər mübarizə aparacağıq. Hər görüşdə qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt daha çox qələbə üçün çalışacağıq ki, ilk pilləyə yaxınlaşaq.
– Liderin “Qarabağ”ın xal itirməsi sizi sevindirirmi?
– Təbii ki, çempionluğa oynayan komanda ondan yuxarı pillədə olan komandanın xal itirməsini görəndə sevinir.
