Futbol üzrə Topaz Premyer Liqasının XVII turunda Bakının AZAL və Tovuzun “Turan” komandaları arasında keçirilmiş oyunla bağlı araşdırmalara başlanılıb.
Korner.az-ın məlumatına görə, araşdırmalar UEFA-nın oyun alqı-satqısı və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün Azərbaycanda təyin etdiyi nümayəndə, AFFA-nın hüquqşünası Rəmiş Malıyevin rəhbərliyi altında aparılır.
Artıq “Turan”ın vitse-prezidenti Namiq Məstanov, komandanın baş məşqçisi Əfqan Talıbov və futbolçu Aleksandr Krutskeviç dindiriliblər. Məstanov deyib ki, Malıyevdən əlavə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə yazılı izahat verib. O, daha öncə mətbuata verdikləri açıqlamaları izahatla təsdiqlədiklərini vurğulayıb.
İzahatında yazdıqları barədə danışan Talıbov isə bildirib ki, AZAL-la oyundan sonra Krutskeviçin zəif oyununun səbəbini soruşub. Krutskeviç deyib: “Əsəblərim pozulmuşdu. Həm ailəmizdə problemlər var, həm də matçdan əvvəl komanda yoldaşlarım oyunun satıldıqlarını söyləmişdi”.
AZAL-ın mətbuat katibi Eldəniz Yusifov isə açıqlamasında AFFA-nın başlatdığı araşdırmadan xəbərsiz olduqlarını deyib. O, təmsil etdiyi klubdan heç kimin federasiyada izahat vermədiyini bildirib.
Qeyd edək ki, 2012-ci il dekabrın 15-də keçirilmiş AZAL – “Turan” matçı qolsuz tamamlanıb – 0:0. (lent.az)