Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə həlledici sona yaxınlaşan Avropa çempionatında Portuqaliya və İspaniya milli komandaları arasında keçirilmiş yarımfinal matçının baş hakimi Cüneyt Çakır final oyununa da çağırılıb. Korner.az-ın məlumatına görə, türkiyəli hakim iyulun 1-də Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda İspaniya və İtaliya milli komandaları arasında keçiriləcək həlledici qarşılaşmada 4-cü referi olacaq.
36 yaşlı Çakırın həmyerlisi Duranın isə ehtiyat köməkçi hakim olacağı gözlənilir.
Qeyd edək ki, Cüneyt Çakır İngiltərə və İtaliya yığmaları arasında keçirilmiş ¼ finalda da 4-cü hakim olub. Bundan sonra ona yarımfinal mərhələsinin Portuqaliya – İspaniya görüşü həvalə edilib. İspaniyanın penaltilər seriyasında qalib gəldiyi oyunun ardından portuqaliyalı ulduz Kriştianu Ronaldu və hər iki komandanın baş məşqçiləri onu təbrik edib. Çakır yarımfinal oyunundakı idarəçiliyi qarşılığında 8,5 bal alıb.
