Cüdoçumuz dünya reytinqində birinci oldu
20.02.2023 , 19:24
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100+ kq) Olimpiya reytinqində öz çəki dərəcəsində liderliyə yüksəlib.
Korner.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytı məlumat yayıb.
25 yaşlı idmançımız İsrailin Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb. O, finalda bunadək reytinqə başçılıq edən niderlandlı Mixael Korrela qalib gəlib. Nəticədə Kotsoyev reytinq cədvəlində 1-ci pilləyə yüksəlməyə nail olub. Hazırda idmançının aktivində 2 250 xal var.
Qeyd edək ki, Kotsoyev daha əvvəl böyüklər arasında Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatında, İsraildə keçirilmiş Masters turnirində və Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb.
