Cüdo

Cüdoçularımız bürünc medal uğrunda görüşə çıxacaq

07.04.2017 , 14:13

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran Pri yarışı start götürüb. 

Korner.az-ın məlumatına görə, məlumatına görə, turnirin ilk günündə Azərbaycan milli komandasının 7 üzvü mübarizə aparıb.

Kişilərin yarışında bir çəki dərəcəsində 2, qadınlarda isə 3 çəki dərəcəsində 5 cüdoçu qüvvəsini sınayıb.

Onlardan Vüqar Şirinli (66 kq), Gültac Məmmədəliyeva (48 kq), Nərgiz Hacıyeva və Leyla Şahin (hər ikisi 57 kq) ilk görüşdə uduzaraq, mübarizəni dayandırıblar. 1/16 finalda Petar Zadroya (Bosniya və Herseqovina) qalib gələn İlkin Babazadə (66 kq) isə növbəti rəqibi Denis Vieru (Moldova) ilə bacarmayıb.

İki qadın cüdoçu Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıblar.

1/8 finalda Çen Qiaoya (Çin) qalib gələn A.Qurbanlı növbəti rəqibinə – Noa Minskerə (İsrail) uduzub. Təsəlliverici görüşdə Fyolla Kelmendini (Kosova) məğlub edən Azərbaycan idmançısı bürünc medal uğrunda görüşdə Sabina Gilyazova (Rusiya) ilə üz-üzə gələcək.

N.Əzizova isə türkiyəli rəqiblərini məyus edərək, medal qazanma şansını saxlayıb. 1/8 finalda İrem Korkmazı üstələyən cüdoçu növbəti görüşdə israilli idmançıya – Qili Koenə yenilib. Təsəlliverici görüşdə Damla Çalışkandan güclü olan Azərbaycan idmançısı bürünc medal uğrunda görüşdə Merve Taşla (Türkiyə) qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması 3 gün davam edəcək Qran Priyə 13 cüdoçu ilə qatılıb. (report.az)

Son yazılar

Yuxarı