Antalyada təlim-məşq toplanışı keçirən milli komandamızın üzvü Coşqun Diniyevin müsahibəsi.
– Milliyə ilk dəfədir dəvət edilmisən. İlk toplanış barədə fikirlərini bilmək istərdik.
– Artıq 3 gündür birgəyik. Millidə təlim-məşq toplanışı istədiyimiz səviyyədə keçir. Yeni baş məşqçinin rəhbərliyi altında ilk toplanış olduğundan və heyətə yeni oyunçular cəlb edildiyindən, komandada əlavə ruh yüksəkliyi hiss olunur. Bütün futbolçular öz üzərlərində daha çox çalışırlar ki, yeni baş məşqçinin, belə demək mümkünsə, gözünə girsinlər. Yəni, əsas heyətə düşmək uğrunda mübarizə gedir. Belə məşqlərlə komandamızın Malta ilə oyuna hazır olacağını düşünürəm.
– Robert Prosineçki məşq vaxtı tez-tez “Bravo, Coşqun!” deyirdi. Necə düşünürsən, bununla baş məşqçi sənə əlavə motivasiya verirdi, yoxsa, sadəcə, topla davranışını bəyənmişdi?
– Meydanda məşqə kökləndiyimdən, bunları çox eşitmirdim. Bəlkə də gənc olduğumdan, mənə əlavə motivasiya verməyə çalışırdı. Bu da mənim üçün sevindirici bir haldır.
– Əvvəllər millimiz müdafiədən oynayırdı. İndi isə Prosineçkinin daha çox hücumameylli oyun düşüncəsində olduğunu gördük. Hazırkı komanda onun düşündüyü üslubda oynamağa hazırdır?
– Yeni baş məşqçi öz taktikasını aşılamağa çalışır. Komandamız daha çox yeni, Prosineçkinin seçdiyi oyunçulardan ibarətdir. Hər birimiz onun verdiyi tapşırıqları yerinə yetirməyə hazırıq. Bunun da nəticəsini Malta ilə oyunda görəcəyik.
– Qarşıda Ukrayna “Şaxtyor”u ilə yoldaşlıq görüşü var. Bu matç barədə nə düşünürsünüz?
– “Şaxtyor” dünyada öz sözünü demiş klublardandır. Bu komanda ilə oynamaq bizim üçün əlavə üstünlük olacaq. “Şaxtyor”la qarşılaşma Malta ilə görüşdən öncə bizim üçün yoxlanış xarakterlidir. Bu, Prosineçkinin rəhbərliyi altında ilk toplanış çərçivəsində birinci oyunumuz olacaq. Bu, bizim üçün özümüzü yoxlamaq baxımından əhəmiyyətlidir. “Şaxtyor”la qarşılaşma nəticə xarakterli deyil. Hazırda hansı vəziyyətdə olduğumuzu görmək istəyirik.
– Elə isə tam səmimi de, əsas heyətdə oynamağa özünü nə dərəcədə hazır sayırsan?
– Bunu mənim deməyim düzgün olmazdı. Ən azı ona görə ki, bu barədə qərarı baş məşqçi verir. Hazıramsa, meydana çıxacağam. Əlbəttə, əsas milliyə dəvət almışamsa, hər bir futbolçu kimi əsas heyətdə meydana çıxmağa hazıram.
Saleh Arslan
Antalya