İyun ayının 20-dən etibarən Almaniyanın Bad Göqqinq qəsəbəsində yay təlim məşq toplanışına start verən “Xəzər Lənkəran” klubu ötən gün hazırlığını səhər məşqi ilə tamamlayıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda gecə saatlarında Almaniyanı tərk edərək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Slima” – “Xəzər Lənkəran” matçı ilə əlaqədar Bakı vaxtı ilə 08:50-də Münhen-Luqa aviareysi ilə Maltaya yola düşəcək.
Luqa hava limanında 12:10-da (yerli vaxtla 08.10) olacaq “Xəzər Lənkəran” buradan yerləşəcəyi otelə gedərək istirahətə çəkiləcək. İyul ayının 1-də, matçın keçiriləcəyi saatda, yerli vaxtla saat 18:45-də “Xəzər Lənkəran” oyunöncəsi son məşqinə çıxacaq. Məşqdən yarım saat öncə isə baş məşqçi Con Bencamin Toşakın KİV nümayəndələri üçün mətbuat konfransı planlaşdırılır.
