ÇL-də mövsümün püşkü atıldı
05.07.2023 , 17:28

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümünün püşkü atılıb.
Korner.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən başlayacaq son çempion “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. A qrupda yer alacaq komanda “Riqa” (Latviya), “Yan Reqensburq” (Almaniya) və “İstanbul Şişli” (Türkiyə) ilə mübarizə aparacaq.
Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan bir komanda vəsiqə qazanacaq.
Nyonda əsas mərhələnin də püşkü atılıb. “Araz-Naxçıvan” oktyabrın 24-dən 29-dək keçiriləcək bu mərhələyə qrup qalibi kimi vəsiqə qazanacağı təqdirdə 6-cı qrupda yer alacaq. Komandanın rəqibləri “Plzen” (Çexiya), “Futzal Qentofte” (Danimarka) və ilkin mərhələnin H qrupunun (“Radnik Biyelyina” (Bosniya və Herseqovina), “Tirana” (Albaniya), “Cefn Druids” (Uels), “Sparta Belfast” (Şimali İrlandiya) qalibi olacaq.
Təmsilçimiz ən yaxşı “ikinci” kimi mübarizəni davam etdirsə, o zaman 5-ci qrupda “Futzal Dinamo” (Xorvatiya), eləcə də ilkin mərhələnin B (“Örebro” (İsveç), “Diamant Linz” (Avstriya), “Amiqo Nortvest” (Bolqarıstan) və “ASA Təl-Əviv Ouls” (İsrail) və C (“Eyndhoven” (Niderland), “Titoqrad” (Monteneqro), “Georgians” (Gürcüstan) və Avropa (Cəbəllütarıq) qruplarının qalibləri ilə üz-üzə gələcək.
