Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda birinci tur çərçivəsində ilk mətbuat konfransı baş tutub.
Korner.az-ın məlumatına görə, mətbuat önünə qara fiqurlarla braziliyalı Rafael Leitao ilə heç-heçəyə razılaşan çinli şahmatçı Hou Yifan çıxıb.
Xanım idmançı dünya kubokundakı debüt matçını belə şərh edib: “Əslində bugünki rəqibimin oyununu uzun illərdir təhlil edirəm. Amma bu günə qədər onunla qarşılaşmamışdım. Debütdə hər şey sakit idi. Sonradan gərgin vəziyyət yarandı. Maraqlı gedişatlar oldu. Rəqib üstünlüyə yiyələnməyə çalışırdı. O bunu bacarsaydı, mənim üçün asan olmayacaqdı. Sonda hər şey normal bitdi. Bakıda olmamışam. Amma Naxçıvanda keçirilən şahmat turnirinə qatılmışdım. Burada olduğum müddətdə Bakını gəzdik. Çox gözəl şəhərdi. Üstəlik, insanlar da qonaqpərvərliyi ilə seçilir”.
