Ceremi Frimponq: “Qarabağ asan rəqib deyil”
27.01.2026 , 20:31
“Liverpul”un futbolçusu Ceremi Frimponq UEFA Çempionlar Liqasının “Qarabağ”la sabahkı oyunu barədə açıqlama verib.
Korner.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında əvvəlcə Almaniyadan İngiltərəyə dönüşü və yeni klubundakı durumu haqqında danışıb.
Frimponq bildirib ki, “Liverpul”da özünü rahat hiss edir:
“Burada olmaq mənim üçün çox xoşdur. Böyük Britaniyaya qayıtdığım üçün sevincliyəm, sanki evimə dönmüşəm. Çempionlar Liqası bizim əsas məqsədlərimizdən biridir. Bəzən oyun planımız tam alınmasa da, hər qarşılaşmada sona qədər mübarizə aparırıq. Turnir cədvəlindəki mövqeyimiz yaxşıdır və sabah qazanacağımız qələbə bizi birbaşa 1/8 final mərhələsinə çıxara bilər”.
Futbolçu Premyer Liqada ötən tur “Bornmut”a qarşı alınan 2:3 hesablı məğlubiyyətə də toxunub:
“Son dəqiqələrdə qol buraxmaq hər zaman əsəbləşdirir. Amma biz belə nəticələrdən sonra dərhal növbəti oyuna fokuslanırıq. Hazırda bütün diqqətimiz ‘Qarabağ’la görüşdədir”.
“Bayer”də çıxış etdiyi dövrdə Azərbaycan klubuna qarşı oynadığı matçları xatırlayan Frimponq rəqib barədə yüksək fikirlər səsləndirib:
“O oyunlar çox gərgin keçmişdi. ‘Qarabağ’ bəzən hesabda 2 və ya 3 top fərqi ilə önə çıxırdı, lakin biz geri dönə bilirdik. Bu da onların nə qədər güclü komanda olduğunu göstərir. ‘Qarabağ’ Çempionlar Liqası səviyyəsində rəqibdir və bizi asan oyun gözləmir. Buna görə maksimum hazır olmalıyıq”.