Ardıcıl 3-cü dəfə çempion olan "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun Korner.az saytına müsahibəsi.
– Artıq cari mövsüm ilk "altılıq" komandaları üçün yekunlaşdı və "Neftçi" uzun marafonun sonunda sevinən tərəf oldu. Təəssüratlarınızı bilmək istərdik.
Gördüyünüz kimi möhtəşəm mövsümün sonunda çempion olduq. Eyni zamanda tarix yazdıq. Bildiyiniz kimi Azərbaycanda hələ heç bir klub ardıcıl 3 dəfə çempion olmayıb. Bu bizim üçün çox önəmlidi. Çempionluğumuzu azarkeşlərimizə həsr edirik. Çalışacağıq ki, uğurlarımızın ardın gətirək.
– "Neftçi"nin avrokuboklardakı əsas məqsədi indi nə olacaq?
Bizim 3 ildir məqsədimiz Çempionlar Liqasının qrup mərhələsidir. Yavaş-yavaş istəyimizə çatırıq və bu il də əsas məqsədimiz qitənin nüfuzlu turnirinin qrup mərhələsinə vəsiqə qazanmıqdır.
– Qarşıdan sizi "Xəzər Lənkəran"la kubokun finalı gözləyir…
"Xəzər Lənkəran"ı məğlub edərək, qızıl dubl etmək istəyirik. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Təqvimi əsas gətirərək "Xəzər Lənkəran" Superkubok matçından imtina etdi. Bəs "Neftçi" bu barədə nə düşünür?
"Neftçi" Superkubok oyunundan imtina etməyi düşünmür. Digər yarışlarda olduğu kimi Superkubokda da məqsədimiz qələbə qazanmaqdır.