"Neftçi"nin hücumçusu Cavid İmamverdiyevin Korner.az saytına müsahibəsi
– Cavid "Sumqayıt"ı 8 qolla məğlub etdiniz. Bu oyunla bağlı fikirlərini bilmək istəyərdim.
Bu gün komanda ən yaxşı oyunlarından birini oynadı. "Sumqayıt"da pis komanda deyil. Ancaq bizim onlarda hayıfımız var idi. Onlar bizi bəxdəbəxt udmuşdular. Bu oyunun acığını necə deyərlər artıqlaması ilə çıxdıq. Komandamla fəxr edirəm.
– Bu cür böyükhesablı qələbə gözləyirdinmi?
Sözün düzü, gözləyirdim. Çünki Böyükağa müəllim bizə demişdi ki, "Sumqayıt"a çox qol vuraq. Ümumiyyətlə, bizim bütün futbolçular, eləcə də mən çox acıqlı idik ki, biz necə məğlub olmuşduq. Özü də, "Sumqayıt" kimi komandaya. Lakin onlara məğlubiyyətin təsadüfü olduğunu isbatladıq.
– Rəqibin müdafiədə bu qədər boşluq buraxacağını düşünürdüzmü?
"Sumqayıt"ı biz bütün komponentlərdə üstələdik. Onlar nə etsəydilər biz yenə böyük hesabla qələbə qazanacaqdıq. Meydana qələbə qazanmağa deyil, rəqibi darmadağın etməyə çıxmışdıq.
– Zədədən sonra meydana çıxdın və qol da vurdun. Artıq özünü hazır sayırsanmı?
Şükürlər olsun ki, zədəmi sağaltdım və meydana çıxıb qol da vurdum. Demək olar ki, özümü hazır sayıram və qarşıdakı oyunlarda mənə veriləcək şansı yaxşı dəyərləndiməyə çalışacam.
– Noyabrın 22-də Avropa Liqasında "Partizan"la oyununuz var. "Neftçi" ilk qələbəsini qazana biləcəkmi?
Çətin oyun olacaq. Avropa Liqasının qrup oyununda artıq qələbə qazanmaq istəyirik. Çalışacağıq ki, bu oyunda yalnız 3 xal qazanaq.
Səxavət QURBANOV
