Cavid Hüseynov: “Heç bir klub bununla razılaşmaz” – MÜSAHİBƏ
09.05.2020 , 14:54

“Zirə”nin kapitanı Cavid Hüseynovun korner.az-a müsahibəsi…
– Artıq uzun müddətdir ki futbolsuz qalmısız. Bu durum sizə necə təsir edir?
– Həqiqətən də uzun müddətdir ki, futbolsuz qalmışıq. Bu qədərini gözləmirdik. Tez bir zamanda məşqlərin bərpa olunmasını və çempionatın başlamasını gözləyirik.
– Evdə məşq etməklə formanızı nə dərəcədə saxlaya bilirsiz?
– Klub olaraq, onlayn məşqlər keçirilir, amma bilmirəm bununla nə qədər formanı saxlaya bilərik. Çünki formanı evdə məşq etməklə saxlamaq çətindi.
– Fransa və Niderlandda mövsüm ləğv edildiyi halda, Almaniya, Türkiyə kimi ölkələrdə isə mövsümün bərpa tarixi artıq dəqiqləşib. Bizdə isə çempionatın bərpası sual altındadır. Nə düşünürsüz bu haqda?
– Bizdə də başlasa, yaxşı olardı. Fransa və Niderlandı bilmirəm, amma Türkiyə və Almaniyada klublar istər forma satışı, istərsə də bilet satışından gəlir əldə edir. Bundan əlavə, onlar müəyyən yollarla – reklam, televiziya yayımları vasitəsilə maliyyələşdirilir. Onlarda bir az da çempionatın başlanğıcı uzansa, klublar maliyyə problemi yaşayar. Onların müəyyən maddi sıxıntıları yaşana bilər deyə, məcburdurlar ki, çempionatı bərpa etsinlər.
– Çempionatın erkən yekunlaşdırılacağı təqdirdə, hazırkı yerlə mövsümü bitirsəz, bununla qane olarsız?
– Əlbəttə, qane olmaq istəmirik. Heç bir klub bununla razılaşmaz.
– Bəzi insanlar hələ də virusun olmadığını düşünür. Sizin fikirləriniz necədi?
– Bizim ölkədə şükür olsun ki, qabaqlayıcı tədbirlər tez görüldü. Belə düşünürəm ki, çempionat bərpa oluna bilər.
– Koronavirus pandemiyasının yeni mövsümdə də hansısa təsiri qala bilərmi?
– Bunu indidən bilmək olmaz.
– Futbolda yeni qaydalar qəbul olunub. Müvəqqəti olaraq 5-ci əvəzetmə olacaq. Bunun oyunlara təsiri necə ola bilər?
– Mənim şəxsi fikrim belədir ki, 3 əvəzetmə daha maraqlıdı.
– Premyer Liqa bərpa olunsa, sıx qrafik ola bilər. Bu sizin oyunlarınıza necə təsir edəcək?
– Əlbəttə, bərpa olunsa sıx qrafik olacaq. Çünki iki-üç gündən bir oyunlar keçirilməlidi. Təsiri böyük olacaq. Düşünürəm ki, komandalar o dərəcə hazır olmayacaq. Sıx qrafikdə oynamaq öz təsirini göstərəcək.
Mina Musayeva
