"Kəpəz"in qapıçısı Ramil Kərimov Novruz bayramı ilə bağlı düşüncələrini klubun rəsmi saytı ilə bölüşüb.
– Novruz adətən uşaqların həvəs göstərdiyi bayramlardandır. Maraqlıdı, sən usaq olanda bu bayramı necə qarşılamısan?
– Əvvəla hər birinizi bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Mən uşaqlıqdan bu bayramın gəlməsini həsrətlə gözləyirdim. Gedib onun-bunun bağından ağac oğurlayıb, gətirib məhləmizin qabağında yandırardıq. Papaq atmaqdan lap xoşum gəlir. Son 3 ilə kimi mən öz adət-ənənələrimizə əməl etmişəm. Amma adam böyüdükçə, elə şeylərə həvəs qalmır.
– Heç qapı pusmusan?
– Yox, uşaq olanda cəhd etmek istəyirdim, amma qorxurdum ki, kimsə cıxıb bizimlə dalaşar. Ona görə çəkinmişəm həmişə qapı pusmaqdan.
– Bəs partlayıcı maddələrlə aran necə olub?
– Novruzda yox, adətən yeni ildə "zırpaket" partladardıq. Partlayıcı maddələrlə aram yaxşıdı, həmişə alıram. İndi də almışam, bayram günlərində partladacağam.
– Bayramda kimin qapısına papaq salmaq istərdin?
– Çox maraqlı sual oldu. Lakin cavab versəm, hay-küy olar. Ona görə qoy cavabsız qalsın, əslində ad çəkəsi çox adam var. Sadəcə, demək istəmirəm.
– Bəs kimin bayram yumurtasını sındırmaq istərdin?
– Hamının.
– Futbolçulardan kimi kosa və keçəl rolunda görürsən?
– Kosa rolunda Cavid Tağıyevi, keçəl rolunda isə Məhərrəm Müslümzadəni görürəm.
