“Çempionlar Liqasında qrup mərhələsinin V turunda “Çelsi”yə uduzan (0:4) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç barədə fikirlərini bildirdi:
– Çox danışmaq istəmirəm. Son vaxtlar bu qədər məyus olmamışdım. 90 dəqiqə meydanda yaxşı mübarizə aparmaq istəyirdik. Təəssüf ki, 20-ci dəqiqədən etibarən azlıqda qaldıq və istədiyimiz oyunu göstərə bilmədik. Azarkeşlərə görə üzgünəm. 90 dəqiqə dəstək oldular. Həmişə ən intizamlı komanda olmuşuq. Ancaq son vaxtlar “qırmızı”ların sayı artıb. Bəzən belə hallar olur. Futbolda hər şeyi normal qarşılamaq lazımdı. Komandama təşəkkür edirəm. Çox güclü rəqibə qarşı yaxşı oynadılar. Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq.
– İlk penalti təyin olunanda belə təəssürat yarandı ki, komanda meydandan çıxır. Hətta Şehiçi də yanınıza çağırdız. Orda nə baş verdi?
– Şehiçə dedim ki, qalsın. Sadəcə futbolçular şokda idilər. Gözlənilməz bir məqam idi. Gözlənilməz qərar olmuşdu. Birdən-birə hamının ruhdan düşdüyünü hiss etdim. Buna görə də onları çağırıb bir az motivasiya vermək istədim. Meydandan çıxmaq kimi bir addım atmarıq.
– Həm penalti epizodlarına, həm də qırmızı vərəqəyə şərhinizi bilmək istərdik. Keçən dəfə müraciət olmamışdı, bu dəfə UEFA-ya məktub ünvanlamağı düşünürsüzmü?
– Belə bir fikrimiz yoxdu. Penalti epizodlarına bir söz deyə bilmərəm. Onsuz da ilk epizodda penalti verilmişdi, ancaq qırmızı vərəqə həddən artıq ağır oldu. Son vaxtlar belə şeylərə diqqət edilir. Ən kobud oyunlara görə qırmızı vərəqəyə əl atılır. Buna görə “qırmızı”ya görə narazılığım var. Hakimin qərarını artıq düzəldə bilmərik. İndi nəsə danışıb özümüzü aldatmağın əhəmiyyəti yoxdu. Məni təəssüfləndirən odur ki, bizə həqiqətənmi belə kiçik baxırlar. Böyük komandalardan biri olsaydı, bəlkə də ən çoxu sarı vərəqə verərdi. “Çelsi”nin buna ehtiyacı da yoxdu. Çünki onsuz da güclü komandadı.
– Hakim səhvləri ilk dəfə deyil. Bəlkə bu siyasi amillərlə bağlıdı?
– Bu haqda çox danışmayaq. Biz ölkə olaraq həmişə nümunə olmağa çalışmışıq. Öz davranışımız və əxlaqımızla göstərməliyik ki, idman prinsiplərinə uyğun rəftar edirik. Özümüz haqda mənfi fikir formalaşdırmayaq. Belə şeylərlə kiminsə diqqətini çəkməsək, yaxşıdı. Yenə də epizodlara baxıb, qəti qərar verə bilərik. Qoy bizə həmişə hörmətlə yanaşsınlar.
– Komanda son 11 oyunda 6 qırmızı vərəqə görüb. Bu barədə nə fikirləşirsiz?
– Hər qırmızı vərəqə ilə bağlı danışmışam. Öz komandamdan intizam gözləyirəm. Futbol mübarizə oyunudu. Belə səviyyədəki komandada bir saniyə belə uduzsan, vərəqəyə gətirib çıxarır. Komandanın intizamsız olduğunu deməzdim. İki vərəqə haqlı ola bilər, ancaq digərləri mübahisəlidi. Futbolçularımın davranışından razıyam. Mübarizədə belə hallar olur.
