“Bütün Azərbaycanın diqqəti cəbhədədi”
18.10.2020 , 20:04

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın VI turunun “Sabah”la (1:0) oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
Bütün diqqətin cəbhədə olduğunu bildirən mütəxəssis futbolçuları oyuna kökləmək üçün əlindən gələni etdiklərini deyib:
“İndiki vəziyyətdə oyun haqqında danışmaq çətindi. Bütün Azərbaycanın diqqəti cəbhədədi. Ürəyimiz onlarla döyünür. Bütün məşqçilər üçün futbolçuları matça kökləmək çətin olur, amma bunun üçün əlimizdən gələni edirik. Oyun qurtarıb, yenə diqqətimiz cəbhədədi. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuza qüvvət versin. Bu gün qələbə qazandıq, amma əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq. Oyuna gəlincə, çətin olacağını bilirdik. Rəqibi analiz etmişdik, “Sabah”ın heyətində yaxşı futbolçular var. Futbolçularımız tapşırıqların öhdəsindən maksimum gəlməyə çalışdılar, meydanda döyüşdülər. Onlari təbrik edirəm”.
Baş məşqçi Rener Alvesi deyil, Mert Çeliki oynatmasını belə əsaslandırıb: “Mertin üstünlüyü oyun praktikasının daha çox olmasındadır. Rener perspektivli futbolçudu, amma onun çempionat və komandanın səviyyəsinə uyğunlaşması üçün vaxt lazımdı. Onu gələcək üçün planlaşdırmışıq”.
