“Netçi”ni vacib qələbəyə görə təbrik edirəm. Məğlub olsaq da, komandadan razı qaldım”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi Topaz Premyer Liqasının XXVI turunda öz meydanında “Neftçi”ni qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Səhvlərimiz var idi. Elə qolu da öz səhvimizdən buraxdıq. Açığı, məğlub olmaq istəmirdim. Komanda 17 oyundu məğlub olmurdu, ona görə futbolçuların üzərində həyəcan var idi”.
– Coşqun Diniyevin əvəzlənməsi etdiyi səhvə görə idi?
– Açığı, oyunun gedişatında bir az səhvləri var idi. Vaxtında lazım olan yerdə olmurdu. Həmçinin, hiss olunurdu ki, psixoloji gərginlik var idi.
– Riçard Almeydanın olmaması oyununuza necə təsir etdi?
– Zədəsi var idi. Bir-iki gün sonra komanda ilə məşqlərə başlayacaq.
– Dino Ndlovu “Qarabağ”ın hədəfində olan Xama Billiata məsləhət verib və sizin diktator olduğunuzu söyləyib. Onun fikirlərinə münasibətiniz necədir?
– Bunu pis fikir kimi qəbul etməli deyilik. Hər bir futbolçu şəxsi həyatında diqqətli olmalıdı. Əgər bunu etməsək, komandanı yaxşı vəziyyətdə saxlaya bilmərik.
– Oyunun son dəqiqələrində Miçellə Şeydayev arasında qalmaqal baş verdi.
– Bunu görmədim. Amma oyun zamanı belə halların olması normaldı. Məşqdə də belə hallar olur.
– “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının milliləşdirilməsi ilə bağlı məlumatlar nə dərəcədə həqiqətə uyğundu?
– Bu barədə mənim məlumatım yoxdu. Ancaq hansısa mövqedə problem olsa, ola bilsin bu addımı nə vaxtsa ata bilək.
– Çempionluğu təmin etmisiz, ola bilər ki, bəzi legionerləri vaxtından əvvəl istirahətə göndərəsiz?
– Ola bilsin, milli komandanın üzvlərini bir qədər tez icazə verdim.
