Canluici Buffonun yeni mövsümdə də yaşıl meydanda olub-olmayacağına aydınlıq gəlib. Əfsanəvi futbolçu bir neçə gün sonra karyerasını başa vuracaq.
İtaliya millisi ilə DÇ-2016-nın qalibi olan "Yuventus"un qapıçısı yaşıl meydana peşəkar futbolçu kimi sonuncu dəfə mayın 19-da ayaq basacaq. İtaliyanın köhnə-təzə çempionu A Seriyasının son turu çərçivəsində "Verona"nı qəbul edəcək. Şənbə gününə təyin olunan matç Buffonun karyerasındakı sonuncu oyun kimi tarixə düşəcək.
Bu barədə jurnalistlərə 40 yaşlı qolkiperin agenti Silvano Martino məlumat verib: "Qarşıdakı mərasim Françesko Tottinin "Roma"dakı vidasına bənzəməyəcək. "Yuve"nin stadionunda daha çox Del Pyeronun gedişinə oxşar vida gözləyirəm. Bəli, orda çoxlu göz yaşlarının şahidi olacağıq. Futbol tarixinin ən böyük qapıçısını uzun illər boyunca təmsil etməyi özüm üçün böyük şərəf sayıram. Bu mövzuda başqa heç nə deyə bilmərəm. Buffon bütün detalları mətbuat konfransında açıqlayacaq".
Qeyd edək ki, Buffon peşəkar futbolçu karyerasına 1995-ci ildə "Parma"da başlayıb. O, 2001-ci ildən "qoca sinyora"nın uğurları üçün çalışır.
