“Qələbə qazanmaq üçün istəkli idik. Avropa Liqasına vəsiqə qazanmağın ən yaxın yolu kubokdu”
Bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib.
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Binə”ni 3:0 hesabı ilə üstələyən gəncəlilər növbəti mərhələyə adlayıblar.
Oyundan sonra keçirilən mətbuat konfransında Hüseynov qələbəni şərh edib: “Futbolçularla danışmışıq, kubokda bacardıqca irəli getmək istəyirik. Desək ki, çempionat oyunlarında hamını məğlub edib, 2-ci və ya 3-cü yeri tutacağıq, bu, yalan olar. Amma kubokda şanslarımızı dəyərləndirmək fikrindəyik. Finala kimi getmək arzusundayıq. Təbii ki, bunun necə olacağını zaman göstərəcək. “Binə”yə qarşı oyunun ilk hissəsi xoşuma gəlmədi. Komanda zəif çıxış etdi. Səhvlərimiz çoxdu, bunun üzərində işləməli və əziyyət çəkməliyik. Rəqibdən xoşum gəldi, yaxşı komanda qurublar. Onlara uğurlar arzu edirəm”.
Mənbə: kapazpfc.az
