“Neftçi”nin futbolçusu Bruno Bertuççi müalicəsini Braziliyada davam etdirir.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi iki həftədən sonra müalicəsini başa vuraraq Azərbaycana qayıdacaq.
Braziliyalı müdafiəçi bununla bağlı klubun rəsmi saytına danışıb: “AZAL-la oyunda zədələndikdən sonra Braziliyaya gəldim. Hazırda müalicəmi vətənimdə davam etdirirəm. Tezliklə tam sağalıb Azərbaycana qayıdacağam. Klubumuzun həkimləri də mütəmadi mənimlə əlaqə saxlayıb vəziyyətimlə maraqlanırlar. Vətənimdə olsam belə, təbii ki, klubun düşərgəsindən kənarda olmaq darıxdırıcıdır. Tezliklə meydana qayıtmaq istəyirəm. Qarşıdan vacib altılıq oyunları gəlir. Bu qarşılaşmalarda komandama kömək etmək niyyətindəyəm. Hazırda turnir cədvəlinin ilk pilləsindəyik. İnanıram ki, bu mövqeyimizi çempionatın sonuna kimi qoruyub qızıl medallara sahib olacağıq”.
Xatırladaq ki, AZAL klubu ilə oyunda Bruno Bertuççinin körpücük sümüyü çatlamışdı.