“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev müsahibə verib. Korner.az-ın məlumatına görə, Hacıyev komandasının Türkiyədə keçirəcəyi hazırlıq barədə klubun rəsmi saytına danışıb.
– Böyükağa müəllim, komandamız 11 yanvar tarixindən etibarən hazırlığını Türkiyədə davam etdirəcək. İstərdik ki, hazırlıq planlarınız haqqında danışasınız.
– Ötən mövsüm olduğu kimi bu dəfə də qış fasiləsi hazırlığını Türkiyənin Antalya şəhərində keçəcəyik. Yanvar ayının 23-nə kimi davam edəcək ilk mərhələdə əsasən fiziki məşqlərə üstünlük verəcəyik. Daha sonra futbolçulara 2 gün istirahət veriləcək. Yanvar ayının 25-dən isə hazırlığın ikinci mərhələsi başlayacaq ki, burada da komandanın taktiki-texniki keyfiyyətlərinin yaxşılaşdırılması istiqamətində çalışacağıq.
– Yəqin ki, bu vaxt ərzində komandamız yoxlama oyunları da keçirəcək.
– Hazırlıq dövründə yoxlama oyunlarının təşkili mütləqdir. Ümumilikdə 4-5 oyun keçirmək niyyətindəyik. Bu həm oyun təcrübəsinin artırılması, həm də hazırlıq prosesinin faydasını görmək üçündür. Rəqiblərimiz Xorvatiya, Almaniya, Rusiya, Polşa və bu kimi ölkələrin təmsilçiləri olacaq.
– Hazırlıq zamanı komandaya yeni futbolçular cəlb olunacaqmı?
– Seleksiyaçı məşqçilər bu istiqamətdə işləri davam etdirirlər. Onların təklif edəcəkləri futbolçulara baxacam və əgər bizi qane edən səviyyədə olsalar, komandaya cəlb olunacaqlar.
– “Neftçi” mövsümün ilk yarısında 30 oyun keçirdi və sona yaxın futbolçularda yorğunluq hiss olunurdu. Hal-hazırda heyətdəki futbolçuların durumu necədir?
– Futbolçuların dincəlmək üçün kifayət qədər vaxtı oldu. Artıq onlar yorğunluğu üzərlərindən atıb. Məqsədimiz Azərbaycan çempionatının və kubokunun qalibi olmaqdır. Avrokuboklarda isə özümüzə məxsus nəticəni daha da yaxşılaşdırmaq niyyətindəyik.
