“Bu oyunun şərhə ehtiyacı yoxdu. Məqsədimiz 3 xal idi, onu da qazandıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi” – “Xəzər Lənkəran” matçından sonra meydan sahiblərinin çalışdırıcısı Böyükağa Hacıyev deyib.
O, komandasının 90 dəqiqə boyunca rəqibdən daha üstün olduğunu vurğulayıb: “Xəzər Lənkəran”ın qol epizodu oldumu? Mən xatırlamıram. Birqapıya oyun getdi. Nforun epizodu yüzfaizlik penalti idi, ancaq hakimin fiti nədənsə susdu. Bu gün “Neftçi”yə qarşı təzyiqlər çoxdu. Azarkeşlərimizi burdan-ora aparırdılar, ordan-bura. Xaşın yanında o “şey” necə gözəldisə, azarkeş də futbolda elə gözəldi”.
Hacıyev ötən “Böyük oyun”dan sonra dediyi “Bakıda Mustafanın komandasına 5 top vurmasam, istefa verəcəm” sözlərinə də toxunub: “Elə demişəm? Deməmiş olum. Nədi, Azərbaycan futbolunda istefa vermək elə Böyükağaya qalıb? Baxın, kubokda 4 komanda qalıb, üçünün baş məşqçisi əcnəbidi. Bir dənə Böyükağadı yetim kimi düşüb aralarına. Siz də onu qorumaqdansa, istefadan danışırsız”.
“Ağ-qaralar”ın çalışdırıcısı klub prezidenti Sadıq Sadıqovun “Neftçi” bu il çempion olmasa, gedəcəm” ifadəsinə də şərh verib: “Mən xəstəlikdən qurtulduğuma görə göydə Allaha, yerdə Sadıq müəllimə borcluyam. Bundan başqa, məni “Neftçi”yə o gətirib, nə reytinq yığmışamsa, onun sayəsində olub. Əmin olun, Sadıq Sadıqov “Neftçi”dən nə vaxt getsə, Böyükağa ondan 24 saat əvvəl gedəcək”.
