"Səhhətimlə əlaqədar Rusiyada müalicə olunuram. İyulun 31-də cərahiyyə əməliyyatı nəzərdə tutulub. İnanıram ki, tezliklə müalicəmi başa vurub komandanın yanına qayıdacam".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib klubun rəsmi saytına açıqlamasında deyib.
Hal-hazırda müalicə alan çalışdırıcı klubunun İsraildən də uğurlu nəticə ilə qayıdacağına inandığını bildirib:
"Çempionlar Liqasındakı uğurlu çıxışımız məni çox sevindirdi. "Zestafoni" ilə oyundan sonra klub prezidenti Sadıq Sadıqov bu qələbəni mənə həsr etdiklərini demişdi. Belə diqqət və qayğını hiss etmək qürurvericidir.
"Neftçi" ailəsinin bir üzvü olduğum üçün özümü xoşbəxt hesab edirəm. Özüm burda olsam da, ürəyim komandanın yanındadı. İnanıram ki, "Neftçi" İsraildən də uğurlu nəticə ilə qayıdacaq. Azarkeşlərimizi, bütün Azərbaycan futbolsevərlərini komandamıza dəstək olmağa çağırıram".
