2013-cü ilin ilk rəsmi matçı “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XIX turunun “Kəpəz”lə oyununda komandasını 50-ci çempionat matçına çıxarıb. Bu 50 qarşılaşmada bakılılar 30-cu qələbəsini qazanıb. Hacıyevin rəhbərliyi ilə 5 heç-heçə edən “ağ-qaralar” 15 dəfə uduzub. Bu matçlardakı top fərqi 93:51-di.
“Rəvan” Topaz Premyer Liqasında uğursuz oyunlar seriyasına son qoyub. Ötən il noyabrın 19-da AZAL-ı 1:0 hesabı ilə məğlub elədikdən sonra ardıcıl 5 məğlubiyyət alan bakılılar 82 gündən sonra 3 xal qazanıb. “Turan” üzərində 2:0 hesablı qələbə qazanan paytaxt təmsilçisinin başa çatan məğlubiyyət seriyası klub tarixinin antirekordu olub. Son turdakı qələbə həm də bakılıların Premyer Liqada 15-ci qələbəsi olub.
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov paytaxt təmsilçisini 25-ci dəfə meydana çıxarıb. AZAL-ı 24 çempionat və 1 kubok matçına çıxaran Sadıqovun rəhbərliyi ilə komanda 7 qələbə qazanıb və eyni sayda məğlubiyyət acısı yaşayıb. Digər 11 qarşılaşma isə heç-heçə ilə başa çatıb.
