“İnter” sabah Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Serbiyanın “Mladost” klubu ilə qarşılaşacaq. Bakılıların baş məşqçisi Zaur Svanadze bu gün təşkil olunan oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç barədə fikirlərini bildirdi:
“Əvvəlcə dünən cəbhə xəttində baş verənlərə görə Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Oyuna gəldikdə isə, böyük üstünlüyə malikik. Yaxşı şansımız var və düşünürəm ki, bundan istifadə edə biləcəyik. Rəqib Serbiya klubudur. Hansı ki, bu ölkənin komandaları yaxşı futbol oynamağı bacarır. Çalışacağıq, sabah lazım olan nəticəni qazanaq”.
– İlk oyundakı 3:0 hesabından sonra komandanı kökləmək çətin olmadı ki?
– Təbii ki, bu hesab böyük üstünlükdür. Amma komanda yaxşı bilir ki, heç zaman rahatlaşmaq olmaz. Bu oyunların nəticələri komanda üçün çox vacibdir. Bütün oyunçularımız bunu başa düşürlər. Bu baxımdan oyuna köklənmə çətin olmadı.
– “İnter”ilə yeni müqavilə imzalamısızmı?
– Müqavilə hazırdır. Sadəcə imzalamaq qalır.
– Keçən oyun Skarlatake cərimə zərbəsindən iki qol vurdu. Sabahkı matçda bununla bağlı xüsusi nəsə gözləmək olarmı?
– Birinci oyuna gəldikdə, Skarlatake həmişə məşqlərdən sonra buna xüsusi vaxt ayırır. Futbolçu üzərində çalışırsa, nəticələri yaxşı olur. Ancaq rəqib də belə vəziyətlərdən yararlana bilir. Onlar ucaboy və atletikdilər. Belə epizodlarda biz də diqqətli olmalıyıq.
– Belə xəbərlər gəzir ki, “İnter” “İnter Arena”nı tərk edir. Buna münasibətiniz?
– Bu barədə heç nə fikirləşmirik. Bütünlüklə oyuna köklənmişik. Belə məsələlər komandadan asılı deyil.
– Ötən oyunda ənənəvi 5-3-2-ni 5-4-1-ə dəyişmişdiz. Sabah köhnə düzülüşə qayıdacaqsızmı?
– Hələ qərar qəbul etməmişik. Müzakirələrimiz olacaq və bundan sonra son heyəti müəyyənləşdirəcəyik.
