Müsahibə

Boyan Zoqoviç: “Bu barədə nə deyəcəyimi bilmirəm”

23.09.2019 , 22:25

Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”a evdə 1:3 hesabı ilə uduzan “Zirə”nin qapıçısı Boyan Zoqoviç oyundan sonra jurnalistlərə müsahibə verib.

Korner.az-ın məlumatına görə, qolkiper əvvəlcə oyunu şərh edib:

– Nəticə “Zirə” adına yaxşı olmadı. Rəqibimiz Avropa Liqasında mübarizə aparan komanda idi. Hesab isə yaxşı olmadı. Önümüzdəki oyunlara baxmalıyıq. Çünki “Keşlə” və “Qəbələ” ilə gərgin oyunlar bizi gözləyir.

– Fasilədən sonra göstəridiyiniz oyunu niyə ilk hissədə sərgiləyə bilmədiniz?
– Nəzərə çarpacaq amil idi. Üç qolu demək olar, heç nədən buraxdıq. Növbəti günlərdə oyunu analiz edib, məşqçilərimizlə səhvlərin üzərində işləyəcəyik.

– Bu gün “Zirə” “Qarabağ”ın adından çəkindi?
– Xeyr, qorxu deyildi. Futbolda hər iki komandada 11 futbolçu olur. Öz oyunumuzu sərgiləməyə çalışdıq. Təbii ki, rəqib “Qarabağ” idi. Növbəti oyunlarda uda biləcəyimizə ümid edirəm.

– “Qarabağ” maksmum göstərici ilə liderdir. Digər komandaların 2-ci yer uğrunda mübarizə aparacağını düşünmək olar?
– “Qarabağ” həqiqətən də Azərbaycanın ən güclüsüdür. Bəlkə də digər yeddi klubun səviyyəsi müəyyən qədər bir-birinə yaxındır. “Qarabağ” digər səviyyədə olan klubdur. Bizim öz oyun tərzimiz var. “Sabah” və “Neftçi”yə qarşı layiqli mübarizə aparmışdıq. Önümüzdəki oyunlarda da eynisini göstərməyə çalışacağıq.

– Bu mövsüm sizin çıxış etdiyini iki oyunda “Zirə” uduzub.
– (gülür) bəli. Səbəbini bilmirəm ki, nədən irəli gəlir. Bu barədə nə deyəcəyimi bilmirəm.

– “Qarabağ”ın qapıçısı Asmir Beqoviç barədə nə söyləyə bilərsiniz?
– Münasibətim olan qapıçılardan biridir. İngiltərə Premyer Liqasında çıxış etmiş qolkiperdir. Olduqca təcrübəlidir. Yəqin ki, onunla sabah oyunla bağlı fikirlərimizi bölüşərik. İlk dəfədir ki, Azərbaycandadır. Mənə dedi ki, “Zirə”nin stadionunun ot örtüyü çox yaxşı və ürəyəyatandır

Son yazılar

Yuxarı