Azərbaycanın daha bir idmançısı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Korner.az-ın məlumatına görə, bu, 91 kq çəki dərəcəsində çıxış edən boksçu Abdulqadir Abdullayev olub.
“Bakı-2015” I Avropa Oyunlarının qalibi finalda zədəsini səbəb göstərərək, onunla döyüşə çıxmayan Ukrayna yığmasının erməni üzvü Gevorq Manukyanı Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 3-cü yer uğrunda görüşdə məğlub edib – 2:1. Bununla da Abdullayev “Rio-2016″ya 41-ci lisenziyanın sahibinə çevrilib.
Beləliklə, Azərbaycan boksçuları Avropa Təsnifat Turnirində 5 lisenziya qazanıb. Daha öncə Cavid Çələbiyev (56 kq), Yana Alekseyevna (60 kq), Lorentso Sotomayor (64 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da bu hüquqa yiyələnib. Çələbiyevlə Alekseyevna turnirdə qızıl medal qazanıbsa, Sotomayorla Məcidov final qarşılaşmalarını bu axşam keçirəcək. Ümumilikdə, Azərbaycan boksçuları “Rio-2016″ya 13 mümkün vəsiqədən 8-nə yiyələnib. Ötənilki dünya çempionatında Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) da lisenziyalara sahib çıxıb.
Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 40-a, Rioya yollanacaq idmançılarımızın sayı isə 41-ə çatıb.
Abdullayevdən öncə Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov – Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Məhəmmədrəsul Məcidov (hamısı boks, +91 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (75 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.
