“Bizi yalnız bu amil narahat edir”
05.10.2022 , 18:24

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bütün futbolçular oyuna hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Onun durumuna həkimlərin müayinəsindən sonra tam aydınlıq gələcək.
Rəqib komandada yeni baş məşqçi var. Yaxşı, bacarıqlı mütəxəssisdir. Aqressiv və sürətli futbol tələb edir. Son çempionat matçında da dinamika yüksək idi. Baş məşqçiyə qarşı tam hazırlaşa bilməyəcəyik. Çox diqqətli olmalıyıq. Oyun ərzində görmədiyimiz detallar ola bilər. Bizi yalnız bu amil narahat edir. Amma öz oyunumuz haqqında düşünməli, meydanda daha çox mübarizə aparmalıyıq. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsınız”.
Təcrübəli mütəxəssis “Olimpiakos”dan hansısa futbolçunu fərqləndirmək istəmədiyini söyləyib: “Heç vaxt kimisə digərlərindən üstün tutmamışam. “Olimpiakos” kollektiv oyuna üstünlük verir. Amma hər bir futbolçunun potensialını bilirik. Bununla bağlı bizdə lazım olan məlumatlar var”.
