Bu gün komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuya əsasən 2016-cı il üçün Azərbaycanın ən yaxşı məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib.
Korner.az-ın xəbərinə görə, Ağdam təmsilçisinin çalışdırıcısı tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.
– Təəsüratlarım çox gözəldir. Məni ən yaxşı baş məşqçi seçdiyinizə görə hər birinizə təşəkkür edirəm. Bu ada layiq görülmək hər bir məşqçinin arzusudur. Çox sağ olun. Açığı, mənim üçün də sürpriz oldu. Əvvəl də qeyd etdiyim kimi, Prosineçkinin bu yerə layiq görürdüm. O da seçilsəydi, mən razı qalardım.
– Həmişə qeyd edirsiniz ki, mən məğlubiyyətlərdən nəsə öyrənirəm. Bu dəfə qrupda qalmaqdan nə öyrəndiniz?
– Çox şey öyrəndim. Düşünürəm ki, bunun faydasını gələcəkdə görəcəm.
– Hansısa oyun olub, düşünmüsüz ki, kaş səhv etməzdim?
– Belə oyunlar çox olub. Sonra qərar qəbul etmək artıq gec olur. Dediyim kimi, hər bir məğlubiyyət böyük təcrübə verir. Düşünürəm ki, zaman keçdikcə bunların sayı azalır.
– Qrupdan çıxa bilməməyə görə rəhbərlik tərəfindən irad bildirilmədi?
– Xeyr. Biz rəhbərliklə daim ünsiyyətdə oluruq. Hər şeyi başa düşürlər. Həmişə düşünmüşük necə edək ki, gələn il daha uğurlu çıxış edək, daha yaxşı nəticələr əldə edək.
– Qurban Qurbanov üçün ilin futbolçusu kimdir?
– Belə konkret kimisə deyə bilmərəm. Amma ümumi keçdiyi yolları düşünsək mən Rəşad Sadıqov deyərdim. Çünki, çox fədakarlıq göstərdi. Həm milli komandada, həm də “Qarabağ”da.
