Ölkə futbolu

“Birinci divizionda iştirakımız lüzumsuzdur” – Fariz Nəcəfov

04.08.2018 , 13:23

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov klubun əvəzedici komandasının  birinci divizionda iştirakından imtina etməsinin səbəblərini açıqlayıb. Klub rəsmisi bunu bir neçə səbəblə əlaqələndirib:

“İlk növbədə, əvəzedici komandamızın birinci divizionda iştirakı lüzumsuzdur. Digər tərəfdən, mayda bu məsələ Klublar Komitəsinin iclasında müzakirə edildikdə məlum oldu ki, əvəzedicilərin çempionatı davam etdiriləcək. Biz də həm təşkilati, həm də büdcə məsələlərini buna uyğun formalaşdırdıq. Lakin AFFA İcraiyyə Komitəsi əvəzedicilərin çempionatının divizionla birləşdirilməsinə qərar verdi. Divizionda iştirak üçün daha böyük büdcə lazımdır. Çünki “Qəbələ”də əvəzedici heyət – U-19 və əsas komandada heyətə düşə bilməyən futbolçulardan ibarətdir. Amma indiki vəziyyətdə məcburuq ki, 22 – 25 əlavə futbolçunu daim qalmaq və digər məsələlərlə təmin edək. Bakıda bunu etmək çox rahatdır. Bölgədə isə 2-3 dəfə artıq büdcə lazımdır. Amma divizionda iştirakdan imtinamız təkcə büdcə məsələsi ilə bağlı deyil”.

AFFA və PFL-ə də bu barədə məlumat verdiklərini deyən klub rəsmisi burada qeyri-adi bir şey olmadığını bildirib: “Birinci divizion ayrıca çempionat, fərqli təqvim, fərqli stadionlar deməkdir və bunun üçün ayrı komanda lazımdır. Bu səbəbdən, 2018-2019 mövsümü üçün komandamızın bu çempionatda çıxışını mümkün hesab etmədik və bununla bağlı AFFA və PFL-ə məlumat verdik” (Sportnet.az).

Son yazılar

Yuxarı