Bir neçə dəqiqə əvvəl məşhur idman yazarı Natiq Muxtarlıya hücum edilib. ANS-in əməkdaşı Xəyal Azəroğlu 3 nəfər idmançı dostunu götürərək N.Muxtarlı ilə “danışığa” gəlib. Onlar idman yazarını başını kəsməklə hədələyiblər.
Korner.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bu hücuma səbəb N.Muxtarlının rekord.az saytında gedən ““Ultraslan Azərbaycan” və toyuq oğruları” başlıqlı köşə yazısıdır.
N.Muxtarlı həmin yazıda “Ultraslan Azərbaycan”ın dağılmasından sonra yaradılan eyniadlı dərnək haqda fikirlərini bildirib. O, yazısında qeyd edib ki, “Ultraslan Azərbaycan” brendini Azərbaycana Ceyhun Əzizli tanıdıb: “Bunu hətta toyuq oğrusu da dana bilməz. Ən azından bu brendi Azərbaycana tanıdan şəxsdən halallıq almalıdırlar, ya yox?”
Hücuma məruz qaldıqdan sonra virtualaz.org-a açıqlama verən Natiq Muxtarlı bildirdi ki, bu yazıdan sonra ona yeni yaradılan “Ultraslan Azərbaycan” rəhbərliyindən və tərəfdarlarından yox, məhz ANS-in idman müxbiri Xəyal Azəroğlu tərəfindən cavab verilib.
X.Azəroğlu N.Muxtarlının yazısını cavab olaraq ““Xoruz”luq etməyin, kişi olun!” köşə yazısı ilə çıxış edib. X.Azəroğlu həmin yazıda N.Muxtarlının ünvanına təhqiramiz ifadələr işlədib.
N.Muxtarlı isə bu təhqirlərə cavab olaraq “Xoruzun toyuğa cavabı” başlıqlı köşə yazısı yazıb. Əsas söz-söhbət bu yazıdan sonra qızışıb.
N.Muxtarlının sözlərinə görə, X.Azəroğlu öz facebook səhifəsində yazdığı statusda qeyd edib ki, “Natiq Muxtarlı “Xoruzun toyuğa cavabı” yazısında özünün “petux”olduğunu boynuna aldı”.
Həmin statusa isə PFL prezidenti Ramin Musayevin yaxın qohumları da şərh yazaraq N.Muxtarlını təhqir ediblər.
Natiq Muxtarlı da həmin statusa yazdığı şərhlə onlara cavab verib. Bu cavabdan sonra daha da qəzəblənən X.Azəroğlu N.Muxtarlının çalışdığı “Komanda” qəzetinə zəng vuraraq onunla görüşmək istədiyini bildirib.
N.Muxtarlı virtualaz.org-un əməkdaşına ilə söhbətində dedi ki, həmin görüşə qəzetin baş redaktoru Rəşad Elgünlə birgə gedib: “Biz görüşə ikimiz getdik. Xəyal Azəroğlu görüşə üç idmançı dostu ilə birgə gəlmişdi. Çatan kimi məni təhqir etməyə, hədələməyə başladılar. Məni ölümlə hədələdilər, dedilər başını kəsəcəyik, uşaqlarını öldürəcəyik. Mən Xəyal Azəroğluna dedim ki, sən də jurnalistsən, belə özbaşınalıq olmaz. Bu ölkədə qanun-qayda var. Əgər yazdığım yazıdan narazısınızsa, verin məhkəməyə. Dedilər ki, biz hər şeyi qol gücü ilə həll edirik, bu ölkədə belədir. Rəşad Elgün olmasaydı, onlar bəlkə də mənə nəsə edəcəkdilər. Ətrafdakı insanlar da bizi ayırdı. Ayrılanda “yenə də görüşəcəyik” dedilər, hədələyib getdilər”.
N.Muxtarlı bu hücum və təhdidlə bağlı Daxili İşlər Nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirdi: “Həyatımın təhlükə altında olduğunu bilirəm. Bu, onu göstərir ki, Xəyal Azəroğlu bu işləri özbaşına etmir. Yazdıqları statuslardan, etdikləri hərəkətlərdən bəlli olur ki, bunların arxasında PFL prezidenti Ramin Musayev dayanır. Çünki mən həmişə onun fəaliyyətini tənqid edən yazılar yazıram”.
P.S. Natiq Muxtarlıdan aldığımız son məlumata görə, artıq o, Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib və hadisə ilə bağlı qeydiyyat aparılıb.
REDAKSİYADAN: Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
