Dünyanın ən çox maraq doğuran futbol qarşılaşması – “el-klasiko”. Artıq neçə illərdir ki, İspaniyanın 2 nəhəng komandası arasında keçirilən oyunları milyonlarla futbol azarkeşi səbirsizliklə gözləyir. Bu il aprelin 2-də bu komandalar arasında “Kamp Nou”da bütün turnirləri nəzərə alsaq, sayca 265-ci qarşılaşmada “Real” hesabda geri olmasına baxmayaraq, əzəli rəqibinə 2:1 hesabı ilə qalib gəldi. Düz 12 il 2 gün əvvəl – 2004-cü il aprelin 25-də “Santyaqo Bernabeu”da bu komanadaların çempionat oyununda oxşar hal baş vermişdi. Bu dəfə də qalib tərəf qonaqlar olmuşdular. Santyaqo Solarinin 54-cü dəqiqədə vurduğu qola “Barsa”dan Patrik Klyuvert (58) və Xavi (85) artıqlaması ilə cavab vermişdilər. “Bir şəklin tarixçəsi” rubrikasında həmin oyundan çəkilmiş fotonu təqdim edirik. Düzdür, həmin fotoda oyunda fərqlənən futbolçular yer almayıblar. Lakin şəkildəkilər haqqında danışmağa dəyər. Görəsən, indi onlar haradalılar və nə işlə məşğuldurlar? Bəziləri ilə bu gün də tez-tez rastlaşırıq. Bəziləri isə…
1. Ronaldinyo
2002-ci ildəki mundialda özünü göstərən braziliyalı 2003-cü ildə “Barselona” ilə 5 iilk müqavilə imzalamışdı. Sonradan Ronaldinyo həmin 5 ili karyerasının və həyatının ən yaxşı illəri hesab edəcəkdi. “Barselona” ilə 2 dəfə İspaniya çempionu olmuş “Roni” 2005-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilmişdi. Şəkildə Ronaldinyonun cərimə zərbəsini yerinə yetirdiyini görürük. Həmin cərimə zərbəsindən qol vura bilməsə də, digər oyunlarda ikisi penaltidən olmaqla 4 dəfə “Real”ı məyus etdiyi məlumdur. “Barselona”dan ayrıldıqdan sonra Ronaldinyo 3 il “Milan”da oynadı. Daha sonra Braziliyanın “Flamenqo”, “Atletiko Mineyro”, Meksikanın “Keretaro” komandalarının şərəfini qorudu. 2015-ci il 12 iyulda ölkəsinin “Fluminense” klubu ilə müddəti bu ilin sonunda başa çatacaq müqavilə imzalasa da, 7 oyundan sonra, daha dəqiq 2015-ci il sentyabrın 29-da qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırdı. O vaxtdan bu yana Ronaldinyonu “gördüm” deyən olmayıb.
2. Esteban Kambyasso
Mərkəz müdafiəçisi “Real”la 16 yaşı olarkən müqavilə imzalayıb. Lakin Madrid klubundakı karyerasının çoxunu belə demək mümkünsə, çox vaxt başqa klublarda icarədə keçirib. “Real”da əsas heyətə düşməyə çətinlik çəkən Esteban daha çox İtaliya “İnter”indəki çıxışı ilə yadda qalıb, bu klubla 5 dəfə İtaliya çempionu, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub. 2014-cü ildə “İnter”dən ayrılaraq “Lester”ə keçən futbolçu burada 1 mövsüm oynadıqdan sonra Yunanıstana gedib. Hazırda bu ölkənin “Olimpiakos” komandasında oynayır.
3. Filipp Koku
Koku “Barselona”dan əvvəl hələ PSV “Eyndhoven”də tanınmışdı. “Barsa”da 6 il oynadıqdan sonra isə yenidən doğma klubuna qayıtmışdı. İspaniyaya gedənə kimi 1, qayıtdıqdan sonra isə 3 dəfə Hollandiya çempionu olan Filipp futbolçu karyerasını 2008-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubunda başa vurub. Hollandiya yığmasında ən çox oyun keçirən futbolçulardandır. Üst-üstə 101 oyunda 10 qol vuran Koku yığma ilə 3 dəfə böyük turnirlərin yıramfinalına çıxıb. Karyerasını bitirdikdən sonra məşqçiliklə məşğul olmağa başlayıb. 2008-2013-cü illər aralığında Hollandiya yığmasında və PSV-də məşqçi köməkçisi kimi çalışıb. 2013-cü ildən PSV-nin baş məşqçisidir.
4. İvan Elgera
Elgera “Real”a 1999-cu ildə “Espanyol”dan gəlmişdi. Həmin vaxt onun 24 yaşı var idi. Adətən müdafiənin mərkəzində çıxış edən futbolçu “Kral klubu”nda 8 mövsüm keçirdi. Ümumilikdə Madrid təmsilçisinin heyətində 346 matça meydana çıxdı. İvan 2000 və 2002-ci illərdə Çempionlar Liqasının finalının iştirakçısıdır. O, 3 dəfə İspaniya çempionu olub. Yığmada isə 47 dəfə forma geyinib və 3 qol vurub. 2000, 2004-cü illərdəki Avropa çempionatının və 2002-ci ildəki mundialın iştirakçısıdır. 2007-ci ildə “Real”dan “Valensiyaya keçən futbolçu bu klubla İspaniya Kubokunu da başı üzərinə qaldırdıqdan sonra 33 yaşında karyerasını bitirib. Hazırda İspaniyada yaşayır, futboldan demək olar ki, tam uzaqlaşıb.
5. Zinəddin Zidan
Məgər bu yazıda canlı futbol əfsanəsi haqqında ətraflı yazmağa ehtiyac var? Dünya futbolunun gəlib-keçmiş ən güclü futbolçularından biri olan dünya və Avropa çempionunun son klubu “Real” olub. 2006-cı ildə Marko Materatsi ilə məşhur olaydan sonra karyerasını bitirən futbolçu məşqçiliklə məşğul olmağa başlayıb. Buna kimi “Real”ın prezidenti Florentino Peresin köməkçisi və klubun idman direktoru vəzifəsində işləyib. 2012-ci ildə “Real”ın gənclərdən ibarət komandasının, 2014-cü ildə isə “Real B”nin baş məşqçisi olub. Bir ara qısa müddətə Karlo Ancelottiyə kömək edən Zidan bu il yanvarın 4-də əsas komandanın baş məşqçisi postuna gətirilib.
6. Santyaqo Solari
Argentina yığmasının keçmiş üzvü 2000-ci ildə heç nədən çəkinmədən “Atletiko”dan “Real”a keçib. Bir Madrid təmsilçisini digərinə dəyişən Santyaqo 5 mövsüm ərzində 209 oyunda “Real”ın uğuru üçün çalışıb. 2 dəfə İspaniya çempionu olan müdafiəçi 11 oyunda milli formasını geyinməyə də imkan tapıb. 2005-ci ildə Milan “İnter”inə keçib, bu klubla 3 dəfə “skudetto”nu qazanıb. İtaliya karyerasından sonra Amerika qitəsinə dönüb və hərəsinə 1 mövsüm olmaqla Argentinanın “San Lorenzo”, Meksikanın “Atlante” və Uruqvayın “Penyarol” komandalarında oynayıb. Karyerasını 2011-ci ildə məhz sonuncu adı çəkilən komandada bitirib. 2013-cü ildən “Real”ın aşağı yaş qruplarından ibarət komandaları ilə çalışır.
7. Devid Bekhem
Hələ gənc vaxtlarında Aleks Ferqyussonun rəhbərlik etdiyi “Mançester Yunayted”də məşhurlaşan “speys boy” doğma komandası ilə 6 dəfə İngiltərə çempionu olub, 1999-cu ildə Çempionlar Liqası Kubokunu götürüb. Sahə oyunçuları arasında İngiltərə millisində ən çox – 115 oyun keçirmiş Devid 58 oyunda komandasını kapitan kimi meydana çıxarıb. 2003-cü ildə onu heyətinə qatmaq üçün “Real” və “Barselona” arasında əməlli-başlı rəqabət başlayıb. Məlum olduğu kimi, sonda qalib tərəf Madrid klubu olub. 35 milyon avro qarşılığında “Real”a satılan futbolçu 4 il “Kral klubu”nda oynayıb. Daha sonra “Los Anceles Qalaksi”, “Milan”da (icarə əsasında) çıxış edib və 2013-cü ildə karyerasını PSJ-də başa vurub. 1999-cu il iyulun 4-də “Space girls” qrupunun solisti Viktoriya Adams ilə ailə həyatı qurub, cütlüyün 4 övladı var. Hazırda Londonda yaşayır, biznes, model və menecerliklə məşğuldur.
8. Luiş Fiqu
2000-ci ildə “Qızıl top”un sahibi, FİFA-ya görə dünyanın ən yaxşı futbolçusu, “Barselona” və “Real”la Çempionlar Liqasının qalibi olmuş 3 futbolçudan biri olan Luiş Fiqu 2005-ci ildə İtaliyanın “İnter” klubuna keçib. 4 dəfə İspaniya, 4 dəfə isə İtaliya çempionu olub. 2009-cu ildə “İnter”də karyerasını başa vuran yarımmüdafiəçi Milan klubunda qalıb və müxtəlif vəzifələrdə çalışıb. Yanvarda FİFA prezidenti olmaq eşqinə düşən Fiqu sonradan nədənsə bu fikrində yayınıb.
9. Covanni van Bronkhorst
Covanninin karyerasında ən parlaq məqam 2006-cı ildə Çempionlar Liqasının finalında “Arsenal”a qarşı sərgilədiyi oyun olub. Həmin vaxt “Barselona”nın kuboku götürməsində böyük əmək sərf edən futbolçu 2003-cü ildə Katalon klubuna gələnə kimi “Qlazqo Reyncers” və “Arsenal”la bir çox titullar qazanmışdı. 2010-cu ildəki mundialda Hollandiya yığmasını kapitan sarğısı ilə final görüşünə çıxaran Covanni İspaniyaya məğlubiyyətdən sonra karyerasını bitirmişdi. Elə həmin il yığmada məşqçi köməkçisi kimi məşqçiliyə başlayın keçmiş müdafiəçi 2011-15-ci illər aralığında ona doğma olan “Feyenoord”da assistent, keçən ildən isə baş məşqçi kimi çalışır.
10. Roberto Karlos
“Super solaxay” “Real”da 500-dən çox oyun keçirən azsaylı futbolçulardandır. 1996-cı ildən 2007-ci ilə kimi bu komandanın şərəfini qoruyan müdafiəçinin qazandığı titulların sayı-hesabı yoxdur. “Real”dan ayrıldıqdan sonra “Fənərbaxça”, “Korintians”, “Anji” klublarının futbolçusu olan Karlos 2012-ci ildə karyerasını məhz Rusiya klubunda başa vurub. Daha sonra “Anji”, “Sivasspor”, “Akhisar Belediyyespor”, “Əl-Ərəbi” kimi klubları çalışdırıb. Sonuncu iş yeri Hindistanın “Dehli Daynamos” klubu olub. Maraqlıdır ki, o, sözügedən klubda 3 dəfə meydana həm də futbolçu kimi çıxıb.
Hazırladı:
Nemət AĞAYEV
