Premyer Liqanın XIX turunda "Turan”ı 2:0 hesabı ilə məğlub edən "Rəvan” həm uğursuz seriyalara son qoyub, həm də 2 yubiley qeyd edib.
Korner.az-ın məlumatına görə, komanda Tovuz təmsilçisini üstələməklə ardıcıl 5 məğlubiyyətdən sonra qələbə əldə edib.
Bu, həm də 82 günlük həsrətin sonu olub. Axı "Rəvan” buna qədər son qələbəsini ötən il noyabrın 19-da AZAL-ı 1:0 hesabı ilə məğlub etməklə qazanmışdı.
Yubileylərə gəlincə, komanda son turdakı qələbə ilə Premyer Liqada 15-ci zəfərinə nail olub. Üstəlik, əldə edilən 3 xalla "Rəvan”ın Premyer Liqada topladığı xalların sayı 60-a çatıb. Qeyd edək ki, komanda 8-ci pillədə başa vurduğu ötən mövsümdə 10 qələbə qazanmış və 41 xal toplamışdı.