Türkiyə Kuboku yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində yarımçıq dayandırılan "Fənərbağça" – "Beşiktaş" matçı ilə bağlı qərar qəbul edilib. Türkiyə Futbol Federasiyası tərəfindən verilən qərara görə oyun qaldığı yerdən davam etdirilməli idi.
Lakin "Beşiktaş" tərəfi bu qərarla razılaşmır. Belə ki, komanda "Fənərbağça" ilə oyuna çıxmaqdan imtina edib. Bu səbəbdən "qartallar"ı ciddi cəza gözləyir. Belə ki, Türkiyə Kuboku əsasnaməsinə görə oyuna çıxmaqdan imtina edən komandaya texniki məğlubiyyət verilir. Əlavə olaraq, "Beşiktaş" növbəti mövsüm Türkiyə Kubokunda iştirakdan məhrum edilə bilər.
"Fənərbağça" tərəfi də cəzasız qalmayıb. "Sarı-lacivertlilər" Türkiyə Kuboku yarımfinal matçında baş vermiş hadisələrlə əlaqədar İntizam Komitəsinin verdiyi qərara əsasən, üç oyun azarkeşsiz oynayacaq. Bundan başqa qurum "Fənər"ə rekord məbləğdə – 1 milyon türk lirəsi məbləğində pul cəzası verib.
