"Futbol son 4-5 ildə sürətlə inkişaf edib. Hazırda kiçik oğlan və qızlar da futbola gedir. Əvvəl bu 16-17 yaşlılarla baş verirdisə, indi 12 yaşlılar da futbola maraq göstərirlər. Amma yenə də güləş, ağırlıqqaldırma daha öndədir. Elə şahmatda da Azərbaycan dünya liderlərindəndir".
Korner.az-ın məlumatına görə, bu sözləri futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Almaniyalı çalışdırıcı ölkəsinin mətbuatına verdiyi müsahibədə daha sonra bunları deyib:
"Azərbaycanda hələlik gündə 2 dəfə məşq etmək istəmirlər. Lakin onlar Mərkəzi Avropa futbolu ilə ortaq paralellər tapmalıdır. Lakin mən 1 dəfə Azərbaycan və alman futbolunu müqayisə etdim. Bu, 2 il əvvəl oldu. “Qarabağ”la “Borussiya” Avropa Liqasının təsnifat mərhələsində oynayırdı. Dortmund təmsilçisi bu matçdan sonra Bundesliqa oyununa çıxdı. Azərbaycanda isə Premyer Liqanın qarşılaşmaları təxirə salındı. “Borussiya” ilə matçdan sonra futbolçulara 3 gün istirahət verdilər. Heç bir hazırlıq olmadı. Alman klubu isə 14 məşq keçdi. Lakin irəli doğru hərəkət etmək lazımdır".
