“Deyiləcək çox sözüm yoxdu. Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Oyundan qabaq da futbolçularıma demişdim ki, “Qarabağ”a oynamaq imkanı verməməliyik. Bir sözlə, futbolçularımın oyunundan razı qalmadım”.
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Premyer Liqasının III turu çərçivəsində evdə “Qarabağ” 1:6 hesabıyla məğlub olan “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab oyunsonrası keçirilən mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis komandalar arasındakı səviyyə fərqini qabardıb: “Məncə, səviyyə fərqi də öz sözünü dedi. “Qarabağ” futbolçularının ustalıq səviyyəsi daha yüksək idi. Bundan başqa, futbolçumuza göstərilən qırmızı vərəqə də özü təsirini göstərdi. Keçən tur Tovuzda da analoji halla üzləşdik. Halbuki nə o qırmızı vərəqə, nə də bugünkü qırmızı vərəqə düz idi. Konkret bugünkü oyunda olanları hamı gördü, bu haqda danışmağa ehtiyac görmürəm”.
Raab istefa haqda ona ünvanlanan suala isə bu cür cavab verdi: “İstefa haqda fikirləşəcəyəm”
