Milli

“Belə vəziyyətdə ustalıq lazım olmur” – Maksim Medvedev

15.10.2018 , 09:22

“Meydana ancaq qələbə üçün çıxmışdıq. Rəqibi analiz etmişdik və onlara uyğun taktika seçmişdik. Ümumi olaraq, pis alınmırdı, sadəcə, son zərbə çatmırdı”. Bu sözləri millimizin müdafiəçisi Maksim Medvedev Millətlər Liqasının qrup mərhələsinin IV turunda Malta ilə 1-1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

Təcrübəli futbolçu yığmamızın qrup lideri olmaq üçün şanslarının olduğunu deyib: “Oyunda yaxşı vəziyyətlər yaradırdıq. Amma qola çevirə bilmirdik. Bu gün həqiqətən də 2 xal itirdik. İşimiz bir az çətindir. Amma riyazi olaraq, şanslarımız qalır. Gələn ay iki çətin oyuna çıxacağıq. Əgər qrupu lider başa vurmaq istəyiriksə, həmin qarşılaşmalardan maksimum nəticə qazanmalıyıq”.

Medvedev Kosovo ilə oyunun həlledici olacağını düşünür: “Qrupda hər şey öz yerində qaldı. Gələn ay Farer adalarını məğlub etməliyik. Kosovo ilə həlledici oyun olacaq. Həmin matçlara hazırlaşmalıyıq”.

29 yaşlı futbolçu bəxtsizlikdən şikayətlənib: “Bu gün bəxt amili çatışmırdı. İki metrdə qapıya düşmürsənsə, burada ustalıq lazım olmur. Bəxtimiz gətirmədi. Komandada təcrübəli oyunçular var. Oyunu daha yaxşı idarə etməli idik. O qədər qol imkanlarından yararlanmadıq. Bu gün 2 xal itirdik”.

Maksim qolda “Rahil Məmmədovun səhvi idimi” sualına belə cavab verib: “Qolda hamı səhv etdi”.

Son yazılar

Yuxarı