Layihə

Belə sonluğu heç istəmirdik – YAZI

14.09.2016 , 17:39

 

Bakı Şahmat Olimpiadası ərəfəsində iştirakçıların potensialını və mümkün nəticəsini dəyərləndirərkən mütləq şəkildə Azərbaycan komandalarının da ilk “üçlükdə” yer alması perspektivlərindən ağızdolusu danışırdıq. Əslində, haqqımız da var idi. Xüsusən də kişilərin turnirindən gözləntilərimiz real reytinqlərə, simalara və nəticələrə əsaslanırdı. Ancaq, necə deyərlər, sən saydığını say… Təəssüf ki, şahmatçılarımız ümidləri doğrultmadılar. Əlbəttə, hər bir hadisənin səbəbləri mövcuddur, o cümlədən Bakı Olimpiadasındakı uğursuzluğumuzun da. Amma nə səbəb olur olsun, məğlubiyyət acısını, azarkeş təəssüfün qəlblərdən silməyə acizdir. Hər halda turnir başa çatdı və Olimpiadanın yekunlarına nəzər salmağın tam zamanıdır.

Belə legioner kimə lazıdır?

Kişilərin yarışında qalib tituluna ABŞ komandası layiq görüldü. Amerikalılar tarixlərində 6-cı analoji uğura imza atdılar. Qeyd edək ki, sonuncu dəfə ABŞ şahmatçıları 1976-cı ildə Olimpiadanı 1-ci pillədə başa vurmuşdular. Onlarla eyni xal (20) toplayan Ukrayna əlavə göstəricilərə görə ikinci yerlə barışmalı oldu. Üçüncü pilləyə isə ruslar yüksəldilər. Azərbaycanın 1-ci komandası 15 xal toplayaraq 12-ci yerlə kifayətlənməli oldu. Sözsüz ki, kollektivin belə uğursuz nəticəsi hələ dərin təhlilini gözləyir. Amma nəzərə çarpan bəzi nüansları artıq indidən qeyd etmək mümkündür.

Əvvəla, Arkadi Naydiç məsələsi. Legioner yerli idmançıdan nəzərəçarpacaq dərəcədə üstün deyilsə, onun kollektivə cəlb edilməsi məqsədəuyğun deyil. Bu yazılmamış qanunu idmana az-çox aidiyyəti olanlar bilməlidirlər. Bəs Naydiç həqiqətənmi yerli zəka sahiblərindən bir baş üstündür? Bunun belə olmadığını həm Olimpiadaya qədər baş tutan turnirlərin nəticələri, həm də şəxsi reytinq göstəriciləri sübut edir. Bura Naydiçin Bakıdakı görüşlərini də əlavə etsək, mənzərə tam olacaq. Dalbadal 4 oyunda uduzan legioner kimə lazımdır? Yaxud başqa sual: Qədir Hüseynovu hansı “ağıl” sahibi ikinci komandaya layiq görüb? Yeri gəlmişkən: Qədir Bakı Olimpiadasında keçirdiyi 9 partiyanın heç birində məğlubiyyət acısı dadmadı (5 qələbə, 4 heç-heçə). Məgər Naydiç Qədirdən çox güclüdür? Hər halda son yarışın nəticələri bunun belə olmadığına əyani sübutdur. İndi kimsə deyə bilər ki, bütöv bir komandanın uğursuzluğunu ancaq bir şahmatçının çiyinlərinə yükləmək olmaz. Bəlkə də. Amma bir qədər ehtimallar aləminə qapılaq. Məsələn, Naydiç 10-cu turda Cons Qaveynə məğlub olmasaydı, Azərbaycan da ümumi hesabda İngiltərəyə uduzmazdı (1,5:2,5). Yaxud 6-cı turda yenə də Naydiç yunanıstanlı rəqibi qarşısında “ağ bayraq” qaldırmasaydı, Azərbaycan görüşü 2:2-lik bərabərliklə başa vurmazdı, qalib ayrılardı bu oyundan. Göründüyü kimi, Naydiçin “xidmətləri” elə də az deyil. Amma onu ittiham etmək yersizdir. Sözü ona etimad edənlərə ünvanlamaq lazımdır.

O ki qaldı digər şahmatçılarımıza… Əlbəttə, hər biri ayrılıqda yekun nəticəyə öz “töhfəsini” verdi. Ümumi fonda isə Eltac Səfərlini qeyd edə bilərik. Gənc şahmatçımız yalnız britaniyalı rəqibinə məğlub olaraq, ümumilikdə turniri kifayət qədər inamla keçirdi.

Ruslardan üzücü sürpriz

Qadınların turnirində Çin millisi rəqib tanımadı. Keçirdiyi 11 görüşdən 9-nu qələbəylə başa vuran və 2 görüşü heç-heçə bitirən asiyalılar 20 xal toplayaraq ən yaxın izləyicilərini nə az, nə çox 3 xal geridə qoydular. Belə mötəbər turnirlərdə 3 xallıq üstünlüyə çox nadir hallarda rast gəlmək mümkündür. Çinlilərin qələbəsi gözlənilən idi. Amma digər rəqiblərin belə zəif çıxışı sürpriz oldu. Xüsusən də əvvəlki 3 olimpiadada daim ən yüksək pilləyə sahib çıxan rusların mükafatçılar sırasına düşə bilməməsi şimal qonşularımız üçün əsl fiaskodur. Bakı Olimpiadasında ikinci yeri Polşa, üçüncü yeri isə Ukrayna kollektivi tutdu. Azərbaycan millisi 16 xal toplayan və 4-9-cu yerləri bölüşdürən komandalar sırasında yer aldı. Üçüncü yeri tutan ukraynalılardan qadınları 1 xal ayırdı. Yalnız əlavə göstəricilərə görə Azərbaycanın qadın şahmatçıları 8-ci oldular.

Ümumilikdə təmsilçilərimizin çıxışını qənaətbəxş hesab etmək olar. Razılaşaq ki, turnir öncəsi proqnozlar o qədər də nikbin deyildi. Ancaq şahmatçılarımızın əldə etdiyi nəticə gələcəyə ümidlə baxmağa əsas verir. Düzgün istiqamətlənən səylər artıq növbəti Olimpiadada şahmatsevərlərə sevinc bəxş edə bilər. Şahmatçılarımızın çıxışlarına bir qədər sabitlik də əlavə olunsa, qeyd etdiklərimizin reallığa çevrilməsi mümkündür.

P.S. Sonda isə Olimpiadanın təşkilatçılığı barədə. Gözlənilən kimi, hər şey yüksək səviyyədə oldu. Qonaqlar da Azərbaycandan razı getdilər. Bu isə gələcəkdə Bakının FİDE-nin bayrağı altında təşkil olunan digər mötəbər yarışlara da ev sahibliyi edəcəyinə zəmin yaradır.

 

Yazı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi layihə  çərçivəsində işıqlandırılır

 

Son yazılar

Yuxarı