Çempionlar liqası

BATE-nin iki qolu, Rəşadın tək ayağı – QEYD

15.08.2018 , 16:56

Mən Qvardiola deyiləm, mən Löv deyiləm və mən Klopp da deyiləm. Amma “Qarabağ”ın BATE ilə oyunlarda buraxdığı hər iki qolla bağlı bəzi suallar var ortada.

Şəkil 1. Bakıdakı oyun. Rəşad Sadıqovun “Qarabağ”ın qapısına qolla nəticələnən o səhv ötürməsinin ayaqdan çıxdığı andır

Qapımıza doğru təzyiq edilir. Mərkəz müdafiəçisi Rəşad Sadıqov, az qala sol cinah müdafiəçisinin mövqeyindədir (bunu yadda yaxlayın, Şəkil 2-də dejavü yaşayacaqsınız). Bəs sol cinah müdafiəçisi Gerrye hardadır?

Rəqibin pressinqi altında olan Rəşad ona ən yaxın məsafədə Bədaviyə, ən ideal variant kimi isə qapıçıya ötürmə edə biləcəyi halda, o ötürməni Qarayamı vermək istəmişdi? Əgər düşüncəsindəki Qara idisə, türk qardaşlarımız demişkən, “düşünce de uygulama da çok kötü, hatta çok berbat!”. Rəşad kimi təcrübəli birinə heç yaraşmayan bir şey idi.

Şəkil 2: Minskdəki oyun. Rəşadın yanlış ötürməsinin başladığı andır

Mərkəz müdafiəçisi Rəşad Sadıqov müdafiənin sol cinahındadır. Dejavüdür, hə? Qismən. Gerrye bu dəfə ekrandadır, çox uzaqlaşmayıb. Diqqət edin, müdafiənin mərkəzində yalnız Bədavi qalıb. Rəqibin gücünü, ilk oyundakı sürətli əks-hücumlar ustası olduğunu bilə-bilə bu qədər qeyri-ciddi şəkildə müdafiə olunmaq?

Rəqib oyunçu Rəşada rahat oynamağa mane olur. Kapitanın topu ötürə biləcəyi ən yaxın məsafədəki Gerrye ilə Qara rəqib oyunçuların nəzarətindədirlər, ancaq sürətli “tiki-taka” ilə vəziyyətdən çıxmaq olar. Rəşad nə edir? Ən çətin olanı: müdafiənin sol cinahından sağ cinahına orta sürətlə (“hələ bunun niyə hava ilə deyil, yerlə ötürmüşdü” məqamı da var, babat avazla oxuyan olsa, ağlaşma qurular…) ünvansız ötürmə verir. Topa doğru Bədavi qaçır, ancaq qaçış trayektoriyasından da görünür ki, topun sürətini ölçə bilməyib – əvvəlcə şaquli, topa çata bilmədiyini gördükdə dioqanal istiqamətə, İvaniçin topa sahib çıxmasından sonra isə ətalətlə geriyə yönəlir ki, bundan sonra da sürət yığıb rəqibə çatmaq mümkün deyildi…

Ümumilikdə 180 dəqiqəlik mübarizəyə gəlincə, “Qarabağ” səfərdə Bakıdakından və rəqibindən daha yaxşı oynadı, mübarizə apardı, qol epizodları yaratdı və s. Ancaq növbəti mərhələyə belaruslar yüksəldilər. Niyəsini məhəllə birinciliyindən fərqlənməyən Premyer Liqamıza da, dövlətin pulunu külə çevirib vaxtında uşaq futbolunun təməlinin qoyulmamasına da, iki komandanın büdcə fərqinə də və sair və ilaxıra da calamaq olar. Amma etiraf etmək ərdəmlikdir: Çempionlar Liqasının qrupunda oynamaq istəyən komandanın o cür səhvlərə yol verməyə haqqı yox idi. BATE kimi olmaq və oynamaq lazım idi: dişli, intizamlı və əlinə düşən fürsəti fövtə verməməklə. Ümid edək ki, bu iki oyundakı nalayiq səhvləri Avropa Liqasında görməyəcəyik.

P.S. Başlığın “Rəşadın tək ayağı” hissəsini mətndə axtarıb tapmayanlar üzülməsin, onu da Avropa Liqasının pley-off oyunundan sonra yazacağam.

Son yazılar

Yuxarı